Məhkəmə qərarları › İş №e-2(013)-121/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-121/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-121/2024 20.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli, 1xx/xx/96030/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1270.08 ABŞ dolları məbləğində əsas borc, 1211.29 ABŞ dolları məbləğində faiz borcu, 2606.47 ABŞ dolları məbləğində cərimə borcu, 404.64 ABŞ dolları məbləğidə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5492.48 ABŞ dolları məbləğində pulun və 113.38 manat dövlət rüsumunun ləğv prosesində olan QSC «Bank Standard» KB xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında 19 fevral 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/96030/15 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 27 % ödənilməsi şərti ilə 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka 1270.08 ABŞ dolları məbləğində əsas, 1211.29 ABŞ dolları məbləğində faiz, 2606.47 ABŞ dolları cərimə və 404.64 ABŞ dolları məbləğidə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5492.48 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli, №1xx/xx/96030/15 nömrəli kredit müqaviləsindən görünür ki, illik 27 % olmaqla, cəmi 2000 (iki min) ABŞ dolları məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixinə, 1xx/xx/96030/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1270.08 ABŞ dolları əsas kredit borcu, 1211.29 ABŞ dolları faiz borcu, 2606.47 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 404.64 ABŞ dolları faiz olmaqla, cəmi borcu isə 5492.48 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1xx/xx/96030/15 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyinə görə 2606.47 ABŞ dolları penya (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, qeyd olunan “Kredit müqaviləsi” üzrə tətbiq olunmuş 2606.47 ABŞ dolları məbləğində dəbbə pulu 2506.47 ABŞ dolları hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 100 ABŞ dolları hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1270.08 ABŞ dolları əsas kredit borcu, 1211.29 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 404.64 ABŞ dolları faiz olmaqla, cəmi 2986.01 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 113.38 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 1270.08 ABŞ dolları əsas kredit borcu, 1211.29 ABŞ dolları faiz borcu, 100.0 ABŞ dolları cərimə borcu və AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 404.64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2986.01 (iki min doqquz yüz səksən altı dollar bir sent) ABŞ dolları pulun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 113.38 (bir yüz on üç manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar