Məhkəmə qərarları › İş №e-2(013)-141/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-141/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-141/2025 05.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 05 mart 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" ASC-nin idarə heyətinin sədri S.Ə.Əliyev rayon məhkəməsinə ünvanladığı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlandığını, «Mercedes Bens C220” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta olunduğunu, Cavabdeh xx.xx.2018-ci ildə «Mercedes Bens C220” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Suraxanı rayonu ərazisinə nəqliyyat hadisəsi törətdiyini, nəticədə «Hyundai Accent» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı, «Kia Sportage» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-nin 6228 manat dəyərində sığorta ödənişi etdiyini, Suraxanı RPİ DYPŞ-nin təqdim etdiyi arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilindiyinin və cavabdehin zərərin aradan qaldırılması üçün mülki məsuliyyətinin yarandığının, Cavabdeh hadisəni törədərkən sərxoş olduğunu qeyd etməklə Cavabdehdən 6228 manat sığorta ödənişi məbləği, 82,28 manat dövlət rüsumunun - cəmi 6310,28 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli 19-02943/03/AA-2209/19 saylı sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalı X2 məxsus Hyundai Accent» markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 675 manat dəyərində zərər dəymiş, hesablanmış sığorta ödənişin məbləği 675 manat olmuş və həmin məbləğ, eləcədə X1 ölümünə görə 5500 manat N.A.Rəhimzadəyə ödənilmişdir. "xxxx" ASC-nin idarə heyətinin sədri X.İ.İsmayılovun Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli AS-23/887 nömrəli geriyə tələb məktubunun surətindən görünür ki, Cavabdeh tərəfindən idarə olunan «Mercedes Bens C220” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə «Hyundai Accent» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı, «Kia Sportage» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurduğunu və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 6228 manat məbləğində sığorta ödənişi həyata keçirmiş və 10 gün müddətində həmin məbləği "xxxx" ASC-nin hesabına ödəməsi Cavabdehdən xahiş olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2018-ci ildə idarə etdiyi «Mercedes Bens C220” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə «Hyundai Accent» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı, «Kia Sportage» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş və X1 ölümünə səbəb olmuşdur. həmin hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 6228 manat məbləğində sığorta ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 6228 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumu əvəzində 82,28 manat - cəmi 6310 (altı min üç yüz on) manat 28 (iyirmi səkkiz) qəpik "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar