Məhkəmə qərarları › İş №e-2(013)-1451/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1451/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1451/2024 09.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X1 Bank Kredit Təşkilatı (bundan sonra- İddiaçı MMM QBKT) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 7584.00 manat, faiz borcu üzrə 1387.08 manat, cərimə borcuna görə 229.60 manat olmaqla cəmi 9200.68 manat məbləğində pulun və ödənilmiş 112.01 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMM QBKT arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1365 saylı “Kredit müqaviləsi”nə əsasən 24 ay müddətinə, illik 25.00 % faiz olmaqla, cəmi 10000 (on min) manat məbləğində kredit vəsaitinin verildiyini, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu hər ay 536 manat məbləğində ödəniş etməsi razlaşdırıldığını, həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4nın zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olması göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə daxil olmuş, ərizədə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə biməyəcəklərini, işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1365 nömrəli kredit müqaviləsindən görünür ki, illik 25.00 % olmaqla, cəmi 10000.00 (on min) manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan bağlanmış xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli müqavilədən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin Cavabdeh3 kreditor qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan bağlanmış xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli müqavilədən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan bağlanmış xx.xx.2023-cü il tarixli **********1365-890517 nömrəli müqavilədən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin Cavabdeh4 kreditor qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMM QBKT tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 7584.00 manat, müqavilə müddətinin sonuna hesablanmış faiz borcu üzrə 1387.08 manat və cərimə borcu üzrə 229.60 manat, cəmi borcu isə 9200.68 manat təşkil edir. Məhkəmə tələb olunan əsas borcun məbləğləri ilə razılaşsa da faiz borcu ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı müqavilə müddətinin sonuna, yəni xx.xx.2025-ci il tarixə hesablanmış (2862.0 manat müqavilə müddətinin sonuna hesablanmış faiz borcu – 1474.92 manat ödənilmiş faiz borcu = 1387.08) 1387.08 manat faiz borcunun qaytarılmasını tələb etmişdir ki, məhkəmə bunu əsassız hesab edir və ərizə ilə məhkəməyə müraciət olunan 2024cü ilin may ayına faiz borcuna görə hesablanmış (2389-1474.92 =914.08) 914.08 manatın tutulmasını daha əsaslı sayır. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı-kredit verən 2024-cü ilin may ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iradə ifadəsini yazılı şəkildə bildirmiş və bununla da icra müddəti hələ xx.xx.2025-ci il tarixdə başa çatacaq kredit müqaviləsinin birtərəfli qaydada artıq ləğv olunduğunu bəyan etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü ili tarixli kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndlərində qeyd edilir ki, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı məhz bu hüququndan istifadə edərək tam şəkildə faiz borcunun qaytarılmasını tələb etmişdir. Lakin müqavilənin məzmunundan görünür ki, faiz borcunun tam şəkildə qaytarılması iddiaçı-kredit verənin hüququ kimi nəzərdə tutulsa da cavabdeh-kredit alan bunu lazımınca yerinə yetirəcəyi barədə üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə olan halda, artıq ləğv edilmiş sayılan kredit müqaviləsi üzrə xx.xx.2025-ci il il tarixə hesablanmış faiz borcunun tam şəkildə tutulması tamamilə əsassızdır. Odur ki, məhkəmə faiz borcunun qismən təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 7584.00 manat, faiz borcu üzrə 914.08 manat və cərimə borcu üzrə 229.60 manat olmaqla cəmi 8727.68 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiacı tərəfindən ödənilmiş 112.01 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiacıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 7584.00 manat əsas borc, 914.08 manat faiz borcu və 229.60 manat cərimə borcu olmaqla cəmi 8727.68 (səkkiz min yeddi yüz iyirmi yeddi manat altmış səkkiz qəpik) manat və ödənilmiş 112.01 (bir yüz on iki manat bir qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" MM QBKT-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar