Məhkəmə qərarları › İş №e-2(013)-146/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-146/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-146/2025 10.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 630,63 manat əsas borcun və 100 manat cərimə borcu olmaqla, cəmi 730,63 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" MMC tərəfindən onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2024-cü il tarixli BAKU1-84616-25218 saylı Kredit Müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 0 % dərəcəsi ilə 759 AZN məbləğində kredit verilmiş (kreditin təyinatı-1 ədəd «Sharp paltaryuyan alışı) və kreditin aylıq 63 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İddiaçı kredit məbləğinin 607 manat təşkil edən hissəsini əlavə kredit müqaviləsinin 3.1.1-ci bəndində qeyd edilmiş "xxxx" MMC-yə məxsus AZ98PAHA40060AZNHC********** saylı hesabına köçürməklə, 152 manat təşkil edən hissəsini xx.xx.2024-xx.xx.2024-cü il tarixi dövrü əhatə edən xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00637212 nömrəli, «Malların, işlərin və xidmətlərin təqdim edilir barədə» elektron qaimə-faktura və köçürməklə vermişdir. Belə ki, qeyd edilən xx.xx.2024xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində xx.xx.2024-cü il tarixli «Üzləşdirmə Aktı»nda göstərilən müştərilər barəsində "xxxx" MMC ilə iddiaçı arasında qarşılıqlı hesablaşmadan cavabdehlə bağlı Əmək Müqaviləsinin 3.3-cü bəndinə əsasən "xxxx" MMC Əməkdaşlıq müqaviləsinin 1 saylı Əlavəsində müəyyən edilmiş mükafat məbləğini ödəməlidir. İddiaçı Əməkdaşlıq müqaviləsinin 3.2-ci bəndinə əsasən kredit məbləğini mükafat məbləğini çıxmaqla ödəyir, yəni tərəflər arasında aparılacaq hesablaşmalar və kredit köçürmələri qarşılıqlı hesablaşmalar qaydasında aparılır. Beləliklə kredit məbləğinin müqavilədə qeyd edilmiş üçüncü şəxs olan "xxxx" MMC-nin hesabına köçürülməsi qanunauyğun olub. İddiaçının kredit vermək vəzifəsinin icra edildiyini, 1 ədəd paltaryuyanın cavabdehə satılması və cavabdeh tərəfindən kreditin alınmasını sübut edir. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Borclu Cavabdeh 18 noyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 630,63 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, cəmi 730.63 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC məhkəməyə nümayəndə göndərməmiş, MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, telefon əlaqəsi zamanı borcunu etiraf etmiş, cərimə məbləğinin silinməsini xahiş etmiş və məhkəməyə gəlməyəcəyini bildirmişdir. Məhkəmə işin baxılmasını Azərbaycan Respubliası MPM-nin 185-ci maddəsinin müddəaları baxımından mümkün bilmişdir. Məhkəmə iş materiallarını öyrənib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə MMC arasında bağlanmış 01 aprel 2024-cü il tarixli BAKU1-84616-25218 saylı Kredit Müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 0 % dərəcəsi ilə 759 AZN məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh MMC-yə 630,63 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 730,63 manat borcu yaranmışdır. TBC Kredit MMC tərəfindən ərizəyə əlavə edilmiş 14 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı XƏBƏRDARLİQ edilmişdir. Azərbaycan Respublikası Vətəndaşının X1 surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci il təvəllüdlüdür, Ağdam rayonunun Novruzlu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448-450-ci maddələrinə uyğun olaraq «borcalan» borcunu vaxtında ödəmədiyinə görə məsuliyyət daşımaqla ödənişlər etməlidir, belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçı iddia ərizəsində cavabdehdən kredit müqaviləsinə əsasən 100 manat cərimə pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan cərimənin məbləği 30 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 630,63 manat əsas, 30 manat cərimə borcu olmaqla, cəmi 660,63 manat məbləgində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh – 630,63 manat əsas, 30 manat cərimə borcu olmaqla, cəmi 660,63 (altı yüz altmış manat altmış üç qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar