Məhkəmə qərarları › İş №e-2(013)-150/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-150/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-150/2025 30.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000,00 manat sığorta ödənişi və 70,00 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5070,00 manat məbləğində pul vəsaitinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Məmmədova Zərifə Vəkil qızı arasında xx.xx.2018-ci il tarixdə, PAA********** saylı sığorta müqaviləsi bağlanmış, “Opel Zafira” markalı, ** GZ *** (** SM ***) dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X2 vəfat etməsinə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Hadisə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi-nin 1(010)-143/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri, Suraxanı RPİ DYPŞ-nin protokoluna əsasən isə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehə dəfələrlə öhdəlikləırini tam və vaxtında yerinə yetirmədiyi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, yaranmış borcunu yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və ərizədə qeyd olunan iddia ərizəsinə dair işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş edilmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirask edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddianın əsasız olduğunu, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində X2 vəfat etdiyini, ona görəd onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri məhkum edilərək beş il müddətinə azadlığdan məhrum edildiyini, cəzasının çəkib qutardığını, ona görə də "xxxx" ASCnin ondan pul tələb etməsi tam əsasız olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi-nin 1(010)-143/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 011811 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən PAA********** saylı sığorta aktına əsasən X1 5000.0 manat pul ödənilmişdir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslnadırır. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000,00 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 70,00 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000,0 manat sığorta ödənişi və 70,00 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5070,0 (beş min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar