Məhkəmə qərarları › İş №e-2(013)-1790/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1790/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1790/2025 19.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5771,66 AZN məbləğində əsas borcun, 808,64 AZN məbləğində faiz borcunun, 312,64 manat məbləğində cərimə borcunun, cəmi 6892,94 AZN məbləğində borcun və ödənilmiş 92 manat dövlət rüsumunun alınıraq ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərir ki, cavabdeh ilə ASC arasında 21 iyul 2023-cü il tarixli Nağd Pul Layihəsi Müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 22,5 % dərəcəsi ilə 7500 AZN məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəməyə müraciət olunanda Cavabdeh 5771,66 AZN məbləğində əsas borcu, 808,64 AZN məbləğində faiz borcu, 312,64 manat cərimə borcu, cəmi 6892,94 AZN məbləğində borcu qalmış, həmçinin ödənilmiş 92 manat dövlət rüsumu da ondan tutulmalıdır. Bu barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, telefon əlaqəsi zamanı borcunu etiraf etmiş, borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Məhkəmə işin tərəflərin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Məhkəmə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsindən görünür ki, Cavabdeh Ağdam Rayonu Xıdırlı kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş 24 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5771,66 AZN məbləğində əsas borc, 808,64 AZN məbləğində faiz borcu, 312,64 manat cərimə borcu, cəmi 6892,94 AZN məbləğində pul tutulmalıdır. Ərizəyə əlavə edilmiş 21 iyul 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə illik 22,5 % dərəcəsi ilə 7500 AZN məbləğində kredit vermişdir. Ərizəyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 7500 AZN məbləğində krediti 21 iyul 2026-cı il tarixədək ödəyib qurtarmalıdır. Ərizəyə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 92 manat dövlət rüsumu ödəmişdir. 25 fevral 2025-ci il tarixli Bildirişdən görünür ki, Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər aralarında bağlanmış 21 iyul 2023-cü il tarixli kredit sazişinin 7-ci bəndindən görünür ki, müştəri ödənişlərini müqavilədə və həmçinin onun əlavələrində göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğini, hesablanmış faizləri, cərimə, komisiyon haqlarını və digər xərcləri vaxtından əvvəl geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 92 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5771,66 AZN məbləğində əsas borc olaraq, 808,64 AZN məbləğində faiz borcu, 312,64 manat məbləğində cərimə borcu, cəmi 6892,94 AZN məbləğində borc və ödənilmiş 92 manat dövlət rüsumu alınıraq ASC-nın xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 5771,66 AZN məbləğində əsas borc, 808,64 AZN məbləğində faiz borcu, 312,64 manat məbləğində cərimə borcu, cəmi 6.892,94 /altı min səkkiz yüz doxsan iki manat doxsan dörd qəpik/ AZN məbləğində borc və iddia tərəfinin dövlət rüsumu kimi ödədiyi 92 /doxsan iki/ manat alınıraq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar