Məhkəmə qərarları › İş №e-2(013)-1886/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1886/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1886/2025 24.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1770.00 manat sığorta ödənişi məbləğinin, 37.70 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1807.70 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, idiaçı ilə, X2 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz E220 CDİ» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi «Mercedes Benz E220 CDİ» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınlaUcar rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək, «Mercedes Benz E200» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və qeyd olunan avtomaşına zərər yetirmişdir. Hadisə nəticəsində "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 1770.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Ucar RPŞ DYPB-nin arayışına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Subroqasiya hüququnun yaranması barədə iddiaçı tərəfindən bildirişlər göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh 1770.00 manat borcun ödənilməsindən yayınmışdır . Azərbaycan Respublikası MPM 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh idarə etdiyi, xx.xx.2018-ci il tarixdən, xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığorta növündə, PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalanmış «Mercedes Benz E220 CDİ» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2019-cu il tarixdə Ucar rayonu ərazisində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz E200» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya, ümumilikdə 1770.00 manat məbləğində maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması, Ucar RPŞ DYPB-nin qərarında öz əksini tapmış, belə ki, o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddəsi il təqsirli bilinmişdir. xx.xx.2020-ci il tarixli, 19-07674/08/AA-6427/19 saylı Sığorta Aktına əsasən PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə, "xxxx" ASC tərəfindən «Mercedes Benz E200» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə X1 ödənilmişdir. Bu halda iddiaçının 1770.00 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ vardır. Həmçinin, "xxxx" ASC məhkəməyə müraciət edərkən 37.70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla ( nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən «Mercedes Benz E200» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 1770.00 manat sığorta ödənişi və ödənilmiş 37.70 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehdan 1770.00 manat sığorta ödənişi, 37.70 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1807.70 (bir min səkkiz yüz yeddi manat yetmiş qəpik) manat məbləöində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar