Məhkəmə qərarları › İş №e-2(013)-1891/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1891/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1891/2025 21.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi /vəkil/ Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.500 manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödədiyi 166.50 manatın, 0.40 manat bank xidmət haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 325 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, onunla Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Borc Müqaviləsinə əsasən cavabdehə 25.500 manat məbləğində borc vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh 25.500 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə almış, xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc aldığı pul vəsaitindən istifadə etmiş, lakin onun tərəfindən müqavilə şərtləri vaxtında və lazımi qaydada yerinə yetirilmədiyindən borc üzrə 25.500 manat pulu ödəməmiş və hər dəfə cavabdehdən borcun qaytarılmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə bu günədək borcun ödənilməsindən yayınmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh borcun qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənilməsini təmin etməmişdir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi /vəkil/ Nümayəndə məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər Bakı Şəhərində tanış olublar, hazırda Mingəçevir şəhərində yaşayırlar. Cavabdeh aldığı məbləği 09 iyul 2023-cü ildə qaytarmalı idi. Cavabdeh borc müqaviləsinin şərtlərinə əməl etməyib. Cavabdeh tərəf pulu qaytarmamaq üçün müxtəlif variantlar fikirləşirlər. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmış, ötən məhkəmə iclasında sonra məhkəməyə gəlmiş, iddiaçıya qarşı Mingəçevir Şəhərində iddia tələbi irəli sürəcəyini bildirmişdir. Cavabdeh hazırda yenə məhkəməyə gəlməmiş, məhkəməyə hər hansı məlumat verməmiş, hər hansı sənəd ünvanlamamışdır. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia tərəfinin nümayəndəsini dinlləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün heç bir əsas yoxdur. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1993-cü il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli Borc Müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 25.500 manat məbləğində pulu borc vermiş, borc alan 25.500 manat pulu notariusun bankda açılan deposit hesabı vasitəsi ilə almış, borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh göndərilən xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, Mingəçevir Regional ASAN XİDMƏT Mərkəzində notarius ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Borc Müqaviləsinə əsasən ona 25.500 manat məbləğində borc verilmiş, borc müqaviləsinin şərtlərinə əsasən 25.500 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə almış, krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, borcdan istifdadə etmiş, lakin müqavilə şərtlərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən borc üzrə 25.500 manat pulu ödəməmiş və hər dəfə borcun qaytarılmasını tələb etdikdə müxtəlif bəhanələrlə bu günədək borcun ödənilməsindən yayınmışdır. Nəticədə kreditor kimi İddiaçı hüquqlarını kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirməsi xahiş olunmuş, öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün lazımi hüquqi tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhər üzrə Bölməsinin 12 may 2025-ci il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmiş Həsənov X1 şəhəri, C.Əliyev 15, mənzil 28 ünvanında müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi 09 yanvar 2023-cü il tarixli Borc Müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 25.500 manat məbləğində pulu borc vermiş, borc alan 25.500 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə almış, borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, öhdəlik icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 25500 manat borc, həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin müddəalarına uyğun olaraq işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 166,50 manat, 0,40 manat bank xidmət haqqı, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 325 manat pul vəsaiti alınıb İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh – 25.500 (iyirmi beş min beş yüz) manat əsas borc, habelə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 166.50 (bir yüz altmış altı manat əlli qəpik) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar