Məhkəmə qərarları › İş №e-2(013)-1892/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1892/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1892/2024 03.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Laçın oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) Cavabdeh Laçın oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6991.96 manat əsas və 467.96 manat faiz, cəmi 7459.92 manat borcun və ödənilmiş 94.6 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Laçın oğlu arasında bağlanmış xx.xx.2023-ci il tarixli, RGTK4654969B299 nömrəli “Kredit müqaviləsi”nə əsasən ona 83 ay müddətinə, illik 20% dərəcəsi ilə 6991.96 manat məbləğində kredit xətti açılmışdır. Daha dəqiqi kredit nəğd deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba köçürülmüşdür. Lakin cavabdeh dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə öhdəliklərini pozmuşdur və nəticədə, xx.xx.2024cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 6991.96 manat əsas, 467.96 manat faiz, cəmi 7459.92 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Laçın oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında İddiaçı ASC ilə Cavabdeh Laçın oğlu arasında bağlanmış xx.xx.2023-ci il tarixli, RGTK4654969B299 nömrəli kredit müqaviləsindən görünür ki, cəmi 6991.96 (altı min doqquz yüz doxsan bir manat doxsan altı qəpik) manat məbləğində kredit, 83 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə İddiaçı ASC tərəfindən borclu Cavabdeh Laçın oğluna verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən çıxarılmış maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə, Cavabdeh Laçın oğlunun xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcu 6991.96 manat əsas, 467.96 manat faiz, cəmi 7459.92 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Laçın oğlundan kredit müqaviləsinə görə cəmi 7459.92 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən cəmi 94.6 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş cəmi 94.6 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Laçın oğlundan 6991.96 manat əsas, 467.96 manat faiz, cəmi 7459.92 (yeddi min dörd yüz əlli doqquz manat doxsan iki qəpik) manat məbləğində pul və ödənilmiş cəmi 94.6 (doxsan dörd manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar