Məhkəmə qərarları › İş №e-2(013)-2001/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2001/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2001/2025 24.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixinə yaranmış 5505.11 manat əsas kredit borcu, 3189.00 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 700.0 manat müqavilə müddəti üzrə hesablanmış cərimə borcu olmaqla, cəmi 9394.11 manat pulun və ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə BOKT"xxxx" MMC arasında bağlanmış 0047/2021 saylı, xx.xx.2021-ci il tarixli “Bank hesabı və kredit” müqaviləsinə əsasən, cavabdehə illik 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə, 17000 manat məbləğində kredit verilmişdir. Müqavilənin restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli sazişə əsasən cavabdehin 8446.68 manat ümumi borc məbləğini saziş imzalandığı tarixdən 36 ay ərzində, illik 30% olmaqla, növbəti müddətdə aylıq 358.57 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin xx.xx.2025-ci il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 5505.11 manat əsas, 3189.00 manat faiz, 700.00 manat cərimə borcu olmaqla, cəmi borcu 9394.11 manat təşkil edir. İddiaçı BOKT"xxxx" MMC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd ounan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0047/2021 saylı “Kredit Müqaviləsi”nə əsasən, iddiaçı BOKT"xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 30% faiz dərəcəsi ilə, 170 manat komisyon haqqı borcu ödənilmək şərti ilə 17000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2021-ci il tarixli, 0047/2021 saylı “Kredit Müqaviləsi”nin restrukturizasiyasına dair sazişə əsasən, xx.xx.2023-cü il tarixə cavabdehin 8446.68 manat ümumi borc məbləği 36 ay ərzində, illik 30% olmaqla, növbəti müddətdə aylıq 358.57 manat ödənilməsi və sazişin xx.xx.2021-ci il tarixli, 0047/2021 saylı “Kredit Müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan BOKT"xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, 0047/2021 saylı “Kredit Müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə olan ödənilməmiş borcu 5505.11 manat əsas, 3189.00 manat faiz, 700.00 manat cərimə, cəmi 9394.11 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tətbiq olunmuş 700.00 manat məbləğində dəbbə pulunun 650 manat manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 50 manat hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 5505.11 manat əsas kredit borcu, 3189.00 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 8744.11 manat borc cavabdehdən tutularaq iddiaçı BOKT"xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 114 manat dövlət rüsumunun 107 manat hissəsi cavabdehə, qalan 07 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5505.11 manat əsas kredit borcu, 3189.00 manat faiz borcu və 50.0 manat cərimə borcu, cəmi 8744.11 (səkkiz min yeddi yüz qırx dörd manat on bir qəpik) manat məbləğində borc və ödənilmiş 107 (bir yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT"xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 114 manat dövlət rüsumunun qalan 07 (yeddi) manat hissəsi iddiaçı BOKT"xxxx" MMC-yə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar