Məhkəmə qərarları › İş №e-2(013)-2082/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2082/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2082/2025 29.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədən irəli gələn ödənilməmiş 5218.54 manat əsas kredit borcun, 251.56 manat faiz borcun, 16.08 manat cərimə borcun, cəmi 5486.18 manat məbləğində borcun və ödənilmiş 74.87 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022ci il tarixli 28120***-*******03L nömrəli “Kredit Limiti Müqaviləsi”nə əsasən X3 120 ay müddətinə, 50 000 (əlli min) manat məbləğində kredit limiti ayrılmış və qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən X3 48 ay müddətinə, illik 16% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10550 manat məbləğində kredit vəsaiti verilmişdir. Eyni zamanda kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh ilə xx.xx.2022-ci il tarixli 028FİZAM138623301 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün İddiaçı ASC qarşısında borclu X1 xx.xx.2022-ci il tarixli 28120***-*******03L nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. X4 24 sentyabr 2024-cü il tarixdə ölmüşdür. Kredit müqaviləsi üzrə öhdəlikləri bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 5218.54 manat məbləğində əsas kredit borcu, 251.56 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 16.08 manat cərimə borcu olmaqla, cəmi 5486.18 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçl İddiaçı ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı tərəf ərizəsində iddia tələbini müdafiə etdiklərini, iş üzrə məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, odur ki, məhkəmə iclasının onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 28120***-*******03L nömrəli “Kredit Limiti Müqaviləsi”nə əsasən X3 120 ay müddətinə, 50 000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən X3 48 ay müddətinə, 10550 manat məbləğində kredit illik 16% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 028FİZAM138623301 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh kreditor İddiaçı ASC qarşısında borclu X2 28120***-*******03L nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 5218.54 manat əsas kredit borcu, 251.56 manat faiz borcu, 16.08 manat cərimə borcu olmaqla, cəmi 5486.18 manat borcu təşkil edir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı № 434305 saylı “X5”nin surətindən görünür ki, X4 24 sentyabr 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 5218.54 manat əsas kredit borcu, 251.56 manat faiz borcu, 16.08 manat cərimə borcu olmaqla, cəmi 5486.18 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 74.87 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5218.54 manat əsas kredit borcu, 251.56 manat faiz borcu və 16.08 manat cərimə borcu olmaqla, cəmi 5486.18 (beş min dörd yüz səksən altı manat on səkkiz qəpik) manat borc və 74.87 (yetmiş dörd manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar