Məhkəmə qərarları › İş №e-2(013)-2206/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2206/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2206/2024 02.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixli, GTZK5137853B299 saylı Kredit Müqaviləsinə əsasən 6681,98 AZN əsas, 728,97 AZN faiz borcu olmaqla, cəmi 7410,95 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 94,11 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK5137853B299 saylı Kredit Müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 15,5 % dərəcəsi ilə 7000 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cvabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 6681,98 AZN əsas, 728,97 AZN faiz, cəmi 7410,95 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlamış, həmçinin telefon əlaqəsi yaradaraq iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Cavabdeh iddia tələblərini qəbul etdi, göstərdi ki, kredit götürən zaman 156 xidmətində işləmiş, 700 manat əmək haqqı almış, bir neçə ay kredit borclarını ödəmişdir. Sonradan işdən çıxarıldığı üçün kredit borcunu ödəyə bilməmişdir. Bu səbəbdən də borcları qalmaqdadır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur, cavabdeh ödəniş etməməsini maddi vəziyyətinin çətin olması ilə əlaqələndirir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK5137853B299 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 35 ay müddətinə, illik 15,5 % dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixə ASC-yə xx.xx.2023-cü il tarixli GTZK5137853B299 saylı Kredit Müqaviləsinə əsasən 6681,98 manat əsas, 728,97 manat faiz, cəmi 7410,95 manat kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 10 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubdan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh iddia tələblərini etiarf edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli GTZK5137853B299 saylı kredit müqaviləsinə əsasən 6681,98 AZN əsas, 728,97 AZN faiz borcu olmaqla, cəmi 7410,95 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 94,11 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - xx.xx.2023-cü il tarixli, GTZK5137853B299 saylı Kredit Müqaviləsinə əsasən 6681,98 AZN əsas, 728,97 AZN faiz borcu olmaqla, cəmi 7410,95 (yeddi min dörd yüz on manat doxsan beş qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 94,11 (doxsan dörd manat on bir qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar