Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2499/2025 24.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 24 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh dəymiş ziyana görə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 120 (yüz iyirmi) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh özünü iddiaçıya taksi parkı işlədən şəxs kimi təqdim etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2025–ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus olan 77–TB–769 dövlət qeydiyyat nişanlı, NİSSAN NOTE markalı avtomobili cavabdeh icarəyə götürmüş və icarə haqqı olaraq gündəlik 25 (iyirmi beş) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh avtomaşını iddiaçıdan götürdükdən sonra başqa bir şəxsin istifadəsinə vermiş və həmin şəxs xx.xx.2025–ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Bir müddət cavabdeh bununla bağlı iddiaçıya heç məlumat verməmiş, gündəlik ödənişlər etməyə davam etmişdir. Daha sonra ödənişləri dayandırmışdır. Daha sonra cavabdehin köməkçisi iddiaçıya zəng edərək avtomibilin qəzaya düşməsi barədə məlumat vermişdir. İddiaçı avtomobilə quraşdırdığı GPS vasitəsi ilə avtomobilin yerini müəyyən etmiş və Novxanı qəsəbəsində təmir emalatxanısından avtomobilini tapmışdır. Avtomobilini təmir emalatxanasından götürmək üçün iddiaçı 700 (yeddi yüz) manat ödəniş etmişdir. Lakin avtomobilin təmiri üçün vəsaiti olmadığından qəzalı vəziyyətdə 6000 (altımin) manata satmaq məcburiyyətində qalmışdır. İcarə xərcləri və Novxanı qəsəbəsində olan təmir emalatxanasına iddiaçının ödəmiş olduğu vəsaitlər istisna omaqla, təkcə avtomobilinə dəyən zərərə görə iddiaçıya 10000 (on min) manat maddi ziyan dəymişdir. Belə ki, 77– TB–769 dövlət qeydiyyat nişanlı, NİSSAN NOTE markalı avtomobilin istehsal tarixi 2016– cı ildir. Həmin avtomobilillərin hazırki orta bazar dəyəri 16000 (on altımin) manat təşkil edir. İddiaçı isə həmin avtomobili təmiri üçün vəsaiti olmadlğından qəzalı vəziyyətdə 6000 (altı min) manata satmaq məcburiyyətində qalmışdır. Dəfələrlə iddiaçı cavabdehdən vurduğu ziyanı ödəməsini tələb etsə də heç bir nəticəsi olmamış və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı və cavabdeh hər iksinin adına VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-2499/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2499/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2499/2025
24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver