Məhkəmə qərarları › İş №e-2(013)-2527/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2527/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2527/2024 04.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 ay müddətinə əmək müqaviləsi bağlanmış və Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə isə iddiaçı ilə Cavabdeh arasında “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 231 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli 2-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2023-cü il tarixdə Oba Göyçay 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 2647,53 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Həmin borc məbləğindən müəyyən güzəşt edilmiş, qalan 2409,07 manat borcun ödənilməsi dəfələrlə tələb olunsa da, borcun ödənilmədiyini qeyd etməklə İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh 2409,07 manat vurulmuş ziyan və mediasiya xərci üçün ödənilmiş 60 manat tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin, xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əlavənin, xx.xx.2023-cü il tarixli 063/İQ saylı və xx.xx.2023cü il tarixli 231 saylı əmrlərdən çıxarışların surətlərindən görünür ki, Cavabdeh İddiaçı MMC-də işə götürülmüş, daha sonra ona administrator vəzifəsi verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsulliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh X4i öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 2-x saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli aktların surətlərindən görünür ki, yoxlama zamanı Cavabdeh İddiaçı MMC-yə 2647,53 manat zərər vurması müəyyən edilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında çatışmazlıqlar müəyyən edilmiş və ona güzəşt tətbiq olunduqdan sonra onun 2409,07 manat borcu qalmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh işə götürmüş, Cavabdeh isə işlədiyi müddətdə iddiaçıya 2409,07 manat ziyan vurmuşdur. Cavabdeh vurduğu ziyanı qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən cavabdehin İddiaçı MMC-yə 5322,94 manat borcunun olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2409 (iki min dörd yüz doqquz) manat 07 (yeddi) qəpik və mediasiya xidməti üçün ödənilmiş xərc əvəzində 60 (altmış) manat alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar