Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-254/2024 15.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 635.00 manat sığorta ödənişini və 30 manat məbləğində dövlət rüsumu pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, PAA********** saylı sığorta müqaviləsi bağlanmış, “VAZ 21124” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə Ağdam rayonu ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və “VAZ 21074” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 635.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Hadisə Ağdam RPİ DYPB-nin YPXİ tərəfindən qeydə alınmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin qeyd olunan protokolda cavabdeh A.Kərəmovanın yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21124” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi qeydə alınmışdır. Cavabdehə dəfələrlə öhdəlikləırini tam və vaxtında yerinə yetirmədiyi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, yaranmış borcunu yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və ərizədə qeyd olunan iddia ərizəsinə dair işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş edilmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirask edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsindən 04 ilə yaxın müddət keçdiyini, ona görə də iddiaçı tərəfindən iddia müddəti ötürüldüyünü bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon X3 X1 vermə Haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 20-02886/05 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də, xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış «VAZ 21124» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində «VAZ 21074» markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 635.00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 005148 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ogluna 635.00 manat pul ödənilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə daxil olmuşdur. Cavabdeh ərizəsində "xxxx" ASC-nin ona qarşı qaldırdığı pul tələbinə dair iddia əizəsinin qanunla müəyyən olunmuş müddətdə verilmədiyini, iddia müddəti ötürüldüyünü və "xxxx" ASC-nin ona qarşı qaldırdığı iddia tələbinə iddia müddəti ötürüldüyü üçün iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh ərizəsində ifadə etdiyi mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) tələblərinə ziddir. Belə ki, mülki hüquqda iddia müddətləri mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqularının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Konkret şəxsə məxsus hüquq pozulduqda qanunverici onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddəti şamil edir. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi iddia müddətləri. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir və ümumi iddia müddətinə münasibətdə onlar qısaldılmış müddətlərdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, hadisə 20 aprel 2020-ci ildə baş vermişdir. Ona görə də bu münasibətlərə 03 illik iddia müddəti şamil edilməlidir. Məhkəmə hesab edir ki, könüllü sığorta müqaviləsi üzrə münasibətlər iddiaçı və cavabdeh arasında deyil, iddiaçı və sığortalı şəxs S.Səfərov arasında mövcud olmuşdur. İddiaçı bu müqavilə üzrə öhdəlyini icra etmiş, yəni 635 manat sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Göründüyü kimi sığortalı S.Səfərov və Cavabdeh arasında isə zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətləri meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi iddiası ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Mülki Məcəllənin 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir və cavabdehin qeyd olunan ərizəsinin qanuni əsası yoxdur. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslnadırır. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə ödənilmiş 635.00 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 635.00 (altı yüz otuz beş) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-254/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-254/2024
15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver