Məhkəmə qərarları › İş №e-2(013)-2647/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2647/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2647/2024 10.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 10 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 226,50 manat əsas, 87,41 manat faiz, 752,34 manat cərimə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 85,47 manat faiz - cəmi 1151,72 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 5 il müddətinə illik 1 faizlə 627 manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfin təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh1 iddiaçıya olan əsas borcu 2570,66 manat, faiz borcu 73,01 manat, cərimə borcu 752,34 manat, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 85,47 manat faiz təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh1 5 il müddətinə illik 1 faizlə 627 manat məbləğində kredit verməklə üzərlərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 226,50 manat əsas, 87,41 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh1 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh1 müqavilənin tələblərinə uyğun olaraq 752,34 manat cərimə borcu, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 85,47 manat faiz hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 226,50 manat əsas, 87,41 manat faiz, 10 manat cərimə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 85,47 manat faiz - cəmi 409 (dörd yüz doqquz) manat 38 (otuz səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 32 manat tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın cərimə borcu tələbinin qalan 742,34 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar