Məhkəmə qərarları › İş №e-2(013)-2670/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2670/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2670/2024 17.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh3 oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 oğlu ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2019cu il tarixli, Rest№028CASA193220004 nömrəli Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, müqavilədən irəli gələn ödənilməmiş 11306.16 manat əsas kredit borcun, 23.12 manat faiz borcun, cəmi 11329.28 manat məbləğində borcun və ödənilmiş 123.99 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019cu il tarixli Rest№028CASA193220004 nömrəli “Güzəştli Kredit Müqaviləsi”nə əsasən Cavabdeh3 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16133.44 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh yeni şərtlərə əməl edərək restrukturizasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər cavabdehlər Cavabdeh1 ilə xx.xx.2019cu il tarixli 028FİZAM33422003 saylı və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 028FİZAM77739201 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün İddiaçı ASC qarşısında borclu Cavabdeh3nın xx.xx.2019-cu il tarixli Rest№028CASA193220004 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. Güzəştli kredit müqaviləsi üzrə öhdəlikləri bank qarşısında tam icra etməyən cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-ə 11306.16 manat məbləğində əsas kredit borcu, 23.12 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 11329.28 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və ərizəsində cavabdehlər Cavabdeh3 oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdıqları iddia tələbini müdafiə etdiklərini, iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, odur ki, məhkəmə iclasının onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında İddiaçı ASC-yə borcu olduğunu, maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, hissəhissə qaytarmağa razı olduğunu və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı ASC-yə kredit müqaviləsinin təminatı kimi zamin olduğunu, göstərilən borcu hissə-hissə qaytarmağa razı olduğunu və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan cavabdehlərin izahatını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№028CASA193220004 nömrəli “Güzəştli kredit müqaviləsi”ndən görünür ki, illik 1% olmaqla, 12 ay güzəşt müddəti tətbiq edilməklə cəmi 16133.44 manat məbləğində kredit 60 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 028FİZAM77739201 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh3 oğlunın Rest№028CASA193220004 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 028FİZAM33422003 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh3 oğlunın Rest№028CASA193220004 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 oğlunun xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 11306.16 manat əsas kredit borcu, 23.12 manat faiz borcu olmaqla cəmi 11329.28 manat borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında 60 ay müddətinə bağlanılmış xx.xx.2019-cu il tarixli Rest№028CASA193220004 nömrəli kredit müqaviləsinin müddəti artıq bitmişdir. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı-kredit verən 2024-cü ilin sentyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iradə ifadəsini yazılı şəkildə bildirmiş və bununla da icra müddəti hələ xx.xx.2024-cü il tarixdə başa çatmış kredit müqaviləsinin birtərəfli qaydada artıq ləğv olunduğunu bəyan etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 11306.16 manat əsas kredit borcu, 23.12 manat faiz borcu, cəmi 11329.28 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərəq qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 123.99 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11306.16 manat əsas kredit borcu və 23.12 manat faiz borcu olmaqla, cəmi 11329.28 (on bir min üç yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat borc və 123.99 (bir yüz iyirmi üç manat doxsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar