Məhkəmə qərarları › İş №e-2(013)-2686/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2686/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2686/2025 29.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 29 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən irəli gələn 95650 (doxsan beş min altı yüz əlli) manat, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq əldən çıxmış faydanın illik 5 faizinin, ödənilmiş dövlət rüsumu əvəzində 377 manat və hüquqi yardım üçün çəkilmiş xərcə görə 320 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus «Bərdə Electronics» mağazasından mütamadi olaraq məişət elektronika əşyaları götürüb satmış və pulunu vermişdir. Cavabdehlə iddiaçı arasında yaranmış ticarət etimadı və sahibkarlıq inamı əsasında sonuncu tərəfindən cavabdehə dəfələrlə elektronik məişət avadanlıqları verilmişdir. Cavabdehlə aralarında yaranmış işgüzar adətlərdən irəli gələn etimad və etibarlılıqdan istifadə edərək sonuncu dəfə 2024-cü ilin 10 may tarixli kredit müqaviləsi ilə iddiaçıya məxsus «Bərdə Electronics» mazasından 89 adda ümümi pul məbləği 95650 manat olan məişət avadanlıqları götürülmüşdür. Aralarında olan yazılı kredit müqaviləsinə əsasən cavabdeh götürdüyü məişət avadanlıqlarının kredit ödənişini xx.xx.2025-ci il tarixdə tamamı ilə ödəyib başa çatdırmalı idi. Ancaq təəssüf ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vicdanla icra etməmiş və ödəməli olduğu 95650 manatı bu günə qədər ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı cavabdehlə olan əlaqələrindən dolayı, borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı və cavabdeh hər iksinin adına VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-2686/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar