Məhkəmə qərarları › İş №e-2(013)-2748/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2748/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2748/2024 26.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 7533.95 manat məbləğində kredit borcu, 717.71 manat məbləğində faiz borcu və 147.67 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8399 manat 33 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103.99 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə bağlanmış ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin Müqaviləyə əsasən borcalana 48 ay müddətinə 8800 manat məbləğində kredit, aylıq faiz dərəcəsi 1.75% olmaqla verilmişdir. Cavabdeh kredit borcunun və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1266.05 manat ödəmiş, onun 7533.95 manat məbləğində əsas kredit borcu qalmışdır. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddiaçının nümayəndəsinin məhkəmə baxışı iclasına gəlmədiyini, onun isə hər dəfə gəlib getməyə maddi imkanı olmadığını bildirdi və bu səbəbdən də, işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Belə olan halda məhkəmə işə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında idianı qəbul edərək, iddiaçı bankdan ehtiyacı olduğu üçün kredit götürdüyünü, daha sonra imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini, cərimənin mümkün qədər azaldılmasını, borcunu hissə-hissə qaytarmağa razı olduğunu bildirərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə eyni məna daşıyan sənədin surətindən görünür ki, Cavabdeh həmin müqaviləni öz imzası ilə təsdiq etmişdir. Həmin Müqaviləyə əsasən ona 48 ay müddətinə 8800 manat məbləğində kredit, aylıq faiz dərəcəsi 1.75% olmaqla verilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 055A********** nömrəli kredit razlaşması üzrə xx.xx.2024-cü il tarixinə, ödənilməmiş borcu 7533.95 manat əsas borcu, 717.71 manat faiz borcu, 147.67 manat cərimə borcu, cəmi borcu isə 8399.33 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə bağlanmış 055A********** nömrəli “Kredit” razılaşması üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə 147.67 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 147.67 manat məbləğində cərimənin 100 manat hissəsində cavabdehlərdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 47.67 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7533.95 manat əsas kredit borcu, 717.71 manat faiz borcu və 47.67 manat cərimə borcu, cəmi 8299.33 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 103.99 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7533.95 manat əsas kredit borcu, 717.71 manat faiz borcu və 47.67 manat cərimə borcu, cəmi 8299.33 (səkkiz min iki yüz doxsan doqquz manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş 103.99 (bir yüz üç manat doxsan doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar