Məhkəmə qərarları › İş №e-2(013)-2756/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2756/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2756/2025 03.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, , İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2) qarşı pul tələbi barədə mülki işə 03 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən sonuncu bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən T.F.Nifdalıyeva 48 ay müddətinə, illik 21 faizlə, 11300 manat məbləğində kredit verilmişdir. X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X2 ailə tərkibi haqqında məlumat verilmiş, arvadı Cavabdeh2, uşaqları X6 və Cavabdeh1 müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin çıxarışına əsasən 99UC575 nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnaməli VAZ 21099 minik markalı nəqliyyat vasitəsi X1 adına qeydiyyatdadır. X1 banka borcunun qaldığını qeyd etməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2) müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7708,65 manat əsas, 1266,14 manat faiz, 194,26 manat cərimə cəmi 9169 (doqquz min yüz altmış doqquz) manat 05 (beş) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 111,7 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh, həmçinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanuni nümayəndəsi qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək göstərmişdir ki, əri Tural xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırda dövlət tərəfindən onlara məcburi köçkün kimi verilmiş evdə yaşayırlar. Ərindən ona ev, qızıl, pul və başqa miras əmlak qalmamışdır. İddiaçı tərəfin qeyd etdiyi avtomobili heç vaxt görməmiş, həmin avtomobil barədə məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rəd olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı tərəfindən T.F.Nifdalıyevə 48 ay müddətinə, illik 21 faizlə, 11300 manat kredit verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, T.F.Nifdalıyevin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2025-ci il tarixli 1443/551 saylı məktubunun surətindən görünür ki, «Elektron notariat» informasiya sistemində aparılmış araşdırma nəticəsində T.F.Nifdalıyevin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2025-ci il tarixli 73 saylı məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş T.F.Nifdalıyev barəsində Ağdam rayon Dövlət notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə BD226105 saylı şəhadətnamə ilə T.F.Nifdalıyevin adına qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli AZ-İİ № 430767 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, T.F.Nifdalıyev xx.xx.2024-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, T.F.Nifdalıyev vəfat edikdən sonra onun ailəsində arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 və qızı Cavabdeh1 vardır. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 xəbərdarlıq edilmişdir. İddiaçı QSC-nin təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, T.F.Nifdalıyevin iddiaçıya olan borcu 7708,65 manat əsas, 1266,14 manat faiz, 194,26 manat cərimə təşkil edir. Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 61/1-27514/205 saylı arayışından görünür ki, «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən bu günə kimi T.F.Nifdaliyevin mülkiyyətindədir. Həmin avtomobil baş etibarnamə ilə xx.xx.2024-cü ildə X7, xx.xx.2024-cü ildə xx.xx.2024-cü ilədək X4, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək X8 istifadəsində olmuş, müddəti bitdiyi üçün etibarnaməyə xitam verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı cavabdehlərə hər hansı bir borc məbləği verməmişdir. Cavabdehlərin əsassız varlanmaları, iddiaçıya zərər vurmaları, pul ödəmələri barədə üzərlərinə hər hansı bir öhdəlik götürmələri məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı tərəflə mərhum T.F.Nifdalıyev arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəf T.F.Nifdalıyevə 48 ay müddətinə, illik 21 faizlə, 11300 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 7708,65 manat əsas, 1266,14 manat faizdən, borclu qalmaqla öhdəliyi icra etməmişdir. T.F.Nifdalıyev xx.xx.2024-cü ildə vəfat etmişdir. T.F.Nifdalıyevin vərəsələri olan hazırki iş üzrə cavabdehlər - arvadı və azyaşlı uşaqları ondan hər hansı bir əmlakı qanun və vəsiyyət üzrə qəbul etməmiş, heç bir vərəsəlik işi açılmamış, notariat orqanına ərizə verməmiş və faktiki olaraq qəbul etməmişlər. İddiaçı tərəfin ərizəsində qeyd etdiyi «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən bu günə kimi T.F.Nifdaliyevin mülkiyyətində olmuş, həmin avtomobil baş etibarnamə ilə xx.xx.2024-cü ildə X7, xx.xx.2024-cü ildə xx.xx.2024-cü ilədək X4, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək X8 istifadəsində olmuş, müddəti bitdiyi üçün etibarnaməyə xitam verilmişdir. Cavabdeh2 məhkəmədə izahat verərkən ərindən ona ev, qızıl, pul və başqa miras əmlakın qalmadığını, iddiaçı tərəfin qeyd etdiyi avtomobili heç vaxt görmədiyini, həmin avtomobil barədə məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi sözügedən avtomobil mərhumun adında qeydiyyatda olsa belə, faktiki olaraq qeyrisinin qanuni sahibliyində və istifadəsində olmuş, həmin avtomobilin miras əmlak kimi mövcud olmasından cavabdehin məlumatı belə olmamışdır. Beləliklə məhkəmədə məlum olmuşdur ki, bankdan kredit götürdükdən sonra vəfat etmiş şəxsin vərəsələri olan hazırki iş üzrə cavabdehlər mirası nə qanun üzrə, nə də vəsiyyət üzrə qəbul etməmiş, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, vəfat etmiş şəxsdən hər hansı bir miras əmlak qalması barədə onların məlumatı olmamışdır. Tural Nifdaliyev vərəsələri onun kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Həmin Məcəllənin 1256-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci məddəsində göstərilmişdir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1306.5-ci maddəsində göstərilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1308-ci maddəsinə əsasən vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, Kredit müqaviləsi iki tərəfli müqavilə olub, bağlanması ilə həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaradır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilədə nəzərdə tutulmuş həcmdə və şərtlərlə pulu (krediti) borcalana verməyi, borcalan isə həmin məbləği qaytarmağı və faizləri ödəməyi öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi banklara etimadın artmasına müsbət təsir göstərir, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq – ölmüş şəxsin əmlakının, eləcə də bununla bağlı hüquq və vəzifələrinin qanun və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını tənzimləyən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və maddi nemətlər (yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq təyin etdiyi vərəsələrinə, iradəsi olmadıqda isə qanunla müəyyən olunmuş vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlakın ölümündən sonra iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradə olmadıqda isə qanun üzrə vərəsələrə keçməsini ehtiva edir. Bu institut vasitəsilə miras qoyanın, onun kreditorlarının və vərəsələrinin mənafeləri qorunur, əmlakın aqibəti ilə bağlı iradənin həyata keçirilməsi təmin olunur. Beləliklə, həm şəxsiyyətin, həm də ictimai maraqların qorunmasına xidmət edir və vərəsəlik hüquq qaydalarının imperativ xarakterini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsas prinsiplərindən olan ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsipə görə, miras qoyanın yaxın qohumlarının (uşaq, ər, arvad, valideynlər) maraqları digər şəxslərin maraqlarından üstün tutulur. Mülkiyyətçiyə məxsus əmlakın onun ölümündən sonra yaxın ailə üzvlərinə keçməsi də bu prinsiplə bağlıdır. Bu prinsip vərəsəlikdə növbəlilik, irsi transmissiya kimi qaydalarda özünü göstərir. Vərəsəlik hüququ mülki dövriyyənin fasiləsizliyini təmin edir. Şəxsin ölümü onun hüquq və öhdəliklərinin tam olaraq aradan qalxması demək deyil – həmin öhdəliklər vərəsələr tərəfindən davam etdirilə bilər. Bu, hüquqi müəyyənlik və etimad prinsiplərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aya qədər uzada bilər. İmtina notariat orqanında rəsmiləşdirilməlidir. Bu müddət kreditorların mirasdan kimlərin imtina edib-etmədiyini bilməsi və tələblərini düzgün irəli sürməsi üçün əhəmiyyətlidir. Bu həmçinin vərəsələr arasında pay bölgüsünü və borc məsuliyyətinin dəqiq müəyyən olunmasını təmin edir. «Mirasdan imtina» artıq mövcud olan hüquqdan könüllü şəkildə rədd edilmədir. Vərəsə mirası qəbul etməsə, lakin imtina barədə də bildiriş verməsə, qanun onu mirası qəbul etmiş hesab edir. Mirası qəbul edən vərəsələr yalnız əmlakı yox, həm də miras qoyanın borclarını qəbul etmiş olurlar. Vərəsəlik şəhadətnaməsi mirasın qəbul faktını təsdiqləyən sənəddir, lakin onun olmaması mirasın qəbul edilməməsi demək deyil. Əgər vərəsə əmlakı faktiki idarə edirsə və ya istifadə edirsə – mirası qəbul etmiş sayılır. Bu halda kreditorlar borcun ödənilməsi üçün vərəsələrə qarşı iddia qaldıra bilərlər. Kreditorun bu tələb hüququnun inkar edilməsi hüquqi müəyyənlik və etimad prinsiplərinə zidd olardı. Mülki məhkəmə prosesində sübutetmə yükü tərəflərə məxsusdur. Tərəflər faktları təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və nəticə çıxarır. Roma hüququnun «mənə faktı ver, sənə hüququ verim» prinsipi buna əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kredit məbləğinin tələbinə dair iddia təmin edilmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2) qarşı 7708,65 manat əsas, 1266,14 manat faiz, 194,26 manat cərimə - cəmi 9169 (doqquz min yüz altmış doqquz) manat 05 (beş) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 111,7 manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar