Məhkəmə qərarları › İş №e-2(013)-2853/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2853/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2853/2024 12.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********55 nömrəli Kredit müqaviləsi üzrə 18448.49 manat əsas, faiz borcu üzrə 2366.64 manat, cəmi 20815.13 manat kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 152.45 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 17.9% dərəcəsi ilə, 48 ay müddətinə, 19000 manat məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq, tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin birgə borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsaitin və ona hesablanmış faizlərin tam və vaxtında ödənilməməsini, həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasının, mübaisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də cavabdehin öz öhdəliklərini bu günədək yerinə yetirməməsi göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 10.12. 2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı tərəf ərizəsində, iddia tələbini müdafiə edərək, məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, mülki üşə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı "xxxx" ASC-yə borcu olduğunu, lakin maddi imkanının yaxşı olmaması səbəbindən banka olan borcunu qaytara bilmədiyini, həmin borcu yalnız hissə-hissə qaytara biləcəyini bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********55 nömrəli Kredit Müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan № 1 Əlavədən görünür ki, illik 17.9% dərəcəsi ilə, 19000 manat məbləğində kredit 48 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 18448.49 manat əsas kredit borcu, 2366.64 manat faiz borcu, cəmi borcu isə 20815.13 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə pretenziya qaydasında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsi üzrə 18448.49 manat əsas kredit borcu və 2366.64 manat faiz borcu olmaqla, cəmi 20815.13 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 152.45 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 18448.49 manat əsas kredit borcu və 2366.64 manat faiz borcu olmaqla, cəmi 20815.13 (iyirmi min səkkiz yüz on beş manat on üç qəpik) manat məbləğlində pul vəsaiti və ödənilmiş 152.45 (bir yüz əlli iki manat qırx beş qəpik) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar