Məhkəmə qərarları › İş №e-2(013)-3028/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3028/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3028/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 346.74 manat məbləğində kredit borcu, 61.79 manat məbləğində faiz borcu və 16.40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 424 manat 93 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Nağıyev Valeh Yahya oğlu arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 015A********** saylı kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə 4000 manat məbləğində kredit, aylıq faiz dərəcəsi 2.0833% olmaqla verilmişdir. Nağıyev Valeh Yahya oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcunun və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1266.05 manat ödəmiş, onun 346.74 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə Nağıyev Valeh Yahya oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh zaminlik müqavilələrinə əsasən bank qarşısında məsuliyyət götürmüş, həmin zaminlik müqavilərinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Nağıyev Valeh Yahya oğlu ilə birgə məsuliyyət daşıyırlar. Hazırki işdə iddiaçı ilə əsas borclu arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış olsa da, əsas borclu məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmiş, cavabdeh qismində cəlb edilmiş zamin isə sahibkar deyildir. Lakin buna baxmayaraq Nağıyev Valeh Yahya oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnə bilməz. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması xahiş olunmuşdur. Belə olan halda məhkəmə işə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Nağıyev Valeh Yahya oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 015A********** saylı Kredit Müqaviləsinə əsasən ona, 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015G**********01 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı QSC qarşısında borclu Nağıyev Valeh Yahya oğlunun xx.xx.2022-ci il tarixli, 015A********** saylı Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Nağıyev Valeh Yahya oğlunun xx.xx.2022-ci il tarixli, 015A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə, ödənilməmiş 346.74 manat əsas borcu, 61.79 manat faiz borcu, 16.40 manat cərimə borcu, cəmi borcu isə 424.33 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 346.74 manat əsas kredit borcu, 61.79 manat faiz borcu və 16.4 manat cərimə borcu, cəmi 424.93 manat məbləğində borc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 346.74 manat əsas kredit borcu, 61.79 manat faiz borcu və 16.4 manat cərimə borcu, cəmi 424.93 (dörd yüz iyirmi dörd manat doxsan üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar