Məhkəmə qərarları › İş №e-2(013)-3176/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3176/2025

16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3176/2025 16.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 1300 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat – cəmi 1830 (bir min səkkiz yüz otuz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci ildə cavabdehə qarşılıqlı razılaşma əsasında heç bir yazılı müqavilə və qızıl kart olmadan bank kartı vasitəsilə 500 (beş yüz) manat pul göndərmişdir. Cavabdeh razılaşmaya görə iddiaçıya mart ayında bu məbləği artıraraq geri qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu vaxtında qaytarmamış, hər dəfə «200 manat əlavə edəcəm» deyərək vədlə zamanı uzatmışdır. İddiaçı humanist yanaşaraq cavabdehə bir neçə dəfə əlavə maliyyə dəstəyi göstərmişdir. Cavabdeh iddiaçının verdiyi kömək pullarını qaytarsa da, əsas borcu və əlavə olunan məbləği qaytarmamışdır. Nəticədə cavabdehin iddiaçıdan götürdüyü və qaytarmadığı ümumi borc məbləği hazırda 1300 (bir min üç yüz) manat təşkil edir. Hətta cavabdeh özünün yazdığı SMS-də açıq şəkildə «sənə 1300 manat borcum var» ifadəsini işlətmişdir (sübut kimi təqdim ediləcək). 18 may 2025-ci ildə cavabdeh pulu qaytarmalı olduğu vaxtda iddiaçıya «pul tapa bilmirəm, özümü öldürəcəm» deyərək psixoloji təzyiq göstərmişdir. Daha sonra cavabdehin bacısı Aytac «Whatsapp» vasitəsi ilə iddiaçı ilə əlaqə saxlayaraq anasının pensiya kartını götürüb faizə pul tapmağı təklif etmiş, iddiaçı isə bu təklifi rədd etmişdir. 27 may 2025-ci ildə cavabdeh iddiaçı ilə mübahisə edərək iddiaçını blok etmişdir. Daha sonra cavabdehin bacısı Aytac iddiaçıya borcun ödəniləcəyini bildirsə də, bu vəd də yerinə yetirilməmişdir. Əksinə, cavabdeh və bacısı iddiaçını müxtəlif şəxslərin, o cümlədən jurnalistlərin vasitəsilə təhdid etmiş, hətta iddiaçının haqqında yalan məlumatlar yaymağa çalışmışdır. Həmçinin xx.xx.2025-ci ildə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadı küçəsində yerləşən faktiki yaşadığı yataqxanaya getmişdir. Orada cavabdehin ailə üzvlərini görməmiş, məlum olmuşdur ki, artıq köçmüşlər. İddiaçı cavabdehin nənəsi ilə görüşmüş və nənəsi söhbət əsnasında bu hal dəfələrlə təkrarlandığını, Lamiyənin bir çox insanlardan borca və faizə pul aldığını, həmin şəxslərin də dəfələrlə pullarının arxası ilə gəldiklərini demişdir. Bu barədə sübut kimi cavabdehin nənəsi ilə çəkilmiş video məhkəməyə təqdim ediləcək. Bundan əlavə Xankəndi Rayon Polis İdarəsinə də iddiaçı bu məsələ ilə bağlı müraciət etmiş, cavab olaraq məhkəməyə və prokurorluq orqanlarına müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. İddiaçı şəkər xəstəsi olmaqla uzaq məsafələrə getmək səhhəti üçün risklidir. Cavabdehin borcu qaytarmaması nəticəsində aylarla davam edən stress və əsəb yaşamış, məhkəmə müraciəti üçün tələb olunan dövlət rüsumunu ödəmək məqsədilə şəxsi qızıl əşyalarını satmalı olmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 450 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulu qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmədə elan olunmuş Xankəndi Şəhər Polis X1 təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində şikayət etmiş, sonuncu isə izahat verərkən İddiaçı 450 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi hansı mənəvi sarsıntı və iztirablar keçirməsi məhkəmədə sübut olunmamışdır. Həmin səbəbdən iddianın mənəvi zərərə görə 500 manat tələbinə dair hissəsi təmin edilə bilməz. Həmçinin iddiaçı cavabdehə 1300 manat borc verdiyini məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehə 1300 manat deyil, 450 manat borc verməsi qənaətinə gəlmişdir. İddiaçının təqdim etdiyi səs yazıları və videoçəklilişlə onun cavabdehə hansı məbləğdə pul verməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzində iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı iddiasının qalan 1350 (min üç yüz əlli) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar