Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3336/2025 27.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hazırkı məzənnəyə uyğun olaraq 8600 ABŞ dolları məbləğində pulun və dövlət rüsüumu kimi ödədiyi 134 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında notariat qaydasında bağlanmış xx.xx.2018-ci il il tarixli müqaviləyə əsasən ona 8600 ABŞ dolları məbləğində pulu borc verimiş, Cavabdeh isə öz növbəsində xx.xx.2023-cü il tarixinədək borc məbləğini ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh qaytarmaq şərtilə aldığı 8600 ABŞ dolları pul borcundan hazırkı tarixədək heç bir ödəniş etməmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Cavabdehin ünvan 1 ünvanına xx.xx.2025-ci il tarixində borcun ödənilməsinə dair bildiriş (xəbərdarlıq) məktubu göndərmişdir. Göründüyü kimi cavabdeh borcunu xx.xx.2023-cü il tarixinədək qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin icra etməmişdir. Əlavə olaraq bildirir ki, iddia ərizəsi verilməsi üçün 134 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, Cavabdeh 8600 ABŞ dolları məbləğində pulun və 134 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunması məqsədəuyğundur. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında İddiaçı bir daha iddia tələblərini müdafiə etdi. İddiaçı əlavə olaraq qeyd etdi ki, cavabdehə təxminən 8500-9000 ABŞ Dolları civarında pul vermişdir ki, alver etsin, ona da pul versin. Cavabdeh dəfələrlə həmin məbləğlə dana alıb, sonra kəsdirib ətini satdırmış, pul qazanmış, ayda 50 manat da qazancdan ona vermişdir. Həmin məbləği Cavabdeh kömək məqsədi ilə vermişdir, cavabdeh bacısı oğludur. Müqavilə müddəti 2023-cü ildə bitsə də, cavabdeh pulu qaytarmır, guya ödəməsini bildirir. Hətta kiçik qardaşını göndərmişdir ki, cavabdehlə danışıq aparsın, pulu ondan alsın. Cavabdeh pulu qaytarmır, müxtəlif bəhanələr edir, pulu guya qaytardığını bildirir. Halbuki cavabdeh 8600 ABŞ Dolları məbləğ olan əsas borcdan heç bir ödəniş etməmiş, borcu qalmaqdadır. İddia tələblərinin təmin edilməsini bir daha xahiş edir. İddiaçı hazırkı məhkəmə iclasına teleqram vuraraq səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ilkin və sonrakı məhkəmə iclasına etiraz ərizəsi ünvanlamış, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini istəmişdir. Etirazda Cavabdeh qeyd edir ki, /olduğu kimi/ : Hörmətli Məhkəmə, yazaraq sizə bildirir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ona verilmiş 8600 ABŞ dolları məbləğində borc pulu tələb etmək, hüquqi əsaslardan məhrumdur və aşağıdakı dəlillərlə tamamilə əsassız hesab olunur : 1. Borcun artıq qaytarılması o, qeyd olunan məbləği 2018-ci ildə qohumluq münasibətlərinə əsasən, müvəqqəti ehtiyac məqsədilə almışdır. Həmin borcu 2019-2020-ci illər ərzində hissə-hissə və artıqlaması ilə tam şəkildə qaytarmışdır. Artıqlaması ilə ona görə ki, pulu ona faizlə, sləm) kimi verilmişdir. Aldığı borcu artıq coxdan tam olaraq qaytarmışdır. Bu fakt bir neçə dəfə şəxsi görüşlərdə də müzakirə olunmuş və heç bir narazılıq bildirilməmişdir. Son 4-5 il ərzində bu mövzuya dair İddiaçı tərəfindən heç bir yazılı və ya şifahi tələb irəli sürülməyib, yəni son illərdə borcun tələb olunmaması, qohum münasibətləri davam etdirilmişdir. Bu isə Mülki Məcəllənin 376-cı maddəsinə əsasən borcun ödənildiyini təsdiq edən konkludent davranış (yəni iddia edilməməsi) kimi qiymətləndirilir. 2. İddia müddətinin bitməsi (müddətin ötürülməsi), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 3 ildir. Borc müqaviləsi xx.xx.2018-ci il tarixində bağlandığından həmin müddət xx.xx.2021-ci il tarixində başa çatmışdır. Məcəllənin 374.1-ci maddəsinə əsasən iddia müddətinin keçməsi borclunun vəzifədən azad olunmasına səbəb olur. 375.1-ci maddəyə görə isə müddət bitdikdən sonra iddia irəli sürülərsə məhkəmə iddianı təmin etmir. Beləliklə 2025-ci ildə irəli sürülən bu tələb artıq iddia müddətindən 7 il keçmiş hesab olunur və məhkəmə qaydasında təmin edilə bilməz. 3. Mülki hüquqda sübutetmə və vəzifə prinsipi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, "Hər bir tərəf öz iddiasını və ya etirazını əsaslandıran halları sübut etməyə borcludur." Son illərdə borcun tələb olunmaması, qohum münasibətlərinin davam etməsi və qarşılıqlı razılaşmaların olması ödəliyin tam ödənilməsinə dəlalət edir. 4. Qohumluq münasibətləri və etik əsaslar qeyd etdiyi kimi İddiaçı onun dogma dayısıdır. Qohumlar arasında bu cür borc münasibətləri çox vaxt rəsmi qaydada sənədləşdirilmədən, etimad əsasında həyata keçirilir. Lakin İddiaçı pulu ona notarial qayadada və əlavə olaraq faizi ilə vermişdir. İddiaçı 7 ildən sonra əsassız olaraq belə bir tələb irəli sürməsi həm etik baxımdan yolverilməz, həm də mülki qanunvericiliyin dürüstlük və vicdanlılıq prinsiplərinə ziddir. 5. Nəticə və tələblər - Yuxarıda qeyd edilənlərə əsasən 1. Borcun tam şəkildə ödənildiyini və İddiaçı tərəfindən uzun illər ərzində tələb edilməməsini nəzərə alaraq iddia tamami ilə əsassız hesab olunur. 2. Borc münasibətləri üzrə iddia müddəti (3 il) keçdiyinə görə hüquqi əsasla borcun tələb olunması mümkün deyil. Xahiş edir - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-ci, 373-cü, 374.1-ci, 375.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci, 77-ci maddələrini rəhbər tutaraq yuxarıdakı hüquqi və faktiki əsaslara görə xahiş edir ki, əsassız və hüquqi qüvvəsini itirmiş iddia tələbi rədd edilsin. Məhkəmə iş materiallarında olan təkzibedilməz sübutları nəzərə alıb hesab edir ki, tərəflərin iştirakı olmadan mübahisəyə baxılıb qərar qəbul edilməsi mümkündür. Məhkəmə iddiaçı tərəfi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəyə əlavə edilmiş 15 aprel 2018-ci il tarixdə Bakı Şəhəri 18 saylı Notariat Ofisində bağlanmış borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 8600 ABŞ dolları məbləğində pulu borc vermişdir. Borc alan aldığı pulu 15 aprel 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş hazırkı Cavabdeh tərəfindən 18 iyun 2017-ci il tarixdə yazılmış sadə yazılı qəbzdən görünür ki, 2017-ci il iyul ayı ərzində (1-10) hər ay 200 manat verəcəyini, 2017-ci iln dekabr ayında borcu olan 1150 manat pulu ödəyib qurtaracağını, 2018-ci ilin yanvar ayı (1-10) 8000 ABŞ dolları borcundan ən azı 200-250 dollar olmaqla verəcəyini və bankda dollar kartı açdırıb borcunu o hesaba ödəyəcəyini yazaraq öz imzası ilə təsdiq etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Pretenziya Məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 8600 ABŞ dolları məbləğində iddiaçı ona borc pul vermiş, cavabdeh isə həmin borc məbləğini xx.xx.2023-cü il tarixinədək qaytarmağı öz üzərinə götürmüş, lakin öz üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Cavabdeh borcunu qaytarmasını, bunu təsdiq edən şahidlərinin olmasını məhkəməyə ünvanladığı ərizələrində bildirir, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etmir, məhkəmə iclasına gəlmir. Həmçinin Cavabdeh iddia müddətinin keçməsi əsası ilə iddia tələblərinin rədd edilməsini də xahiş edir ki, məhkəmə onun bu tələbini də əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunan, hazırkı mübahisə tərəfləri aralarında borc müqaviləsi 15 aprel 2018-ci il tarixdə Bakı Şəhəri 18 saylı Notariat Ofisində bağlanmışdır, müqavilə şərtinə görə borc alan Cavabdeh 8600 ABŞ dolları məbləğində pulu 15 aprel 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi İddiaçı iddia müddətini ötürməmiş, icra müddəti müəyyənləşdirilmiş müqavilə üzrə iddia tələblərini vaxtında məhkəməyə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 8600 ABŞ dolları (alınan vaxtın məzənnəsinə uyğun olaraq) məbləğində borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 134 manat alınıb İddiaçı xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 8600 /səkkiz min altı yüz/ ABŞ Dollarının alınan gündə Azərbaycan manatına uyğun məzənnəsi məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 134 /bir yüz otuz dörd/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-3336/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3336/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver