Məhkəmə qərarları › İş №e-2(013)-3357/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3357/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3357/2025 22.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 noyabr 2019-cu il tarixli, AL/68013/71/23 saylı Kredit müqaviləsinə əsasən 4378.4 manat əsas, cəmi 4378.4 manat borcun və ödənilmiş 64 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 16 noyabr 2019-cu il tarixli, AL/68013/71/23 saylı Kredit müqaviləsinə əsasən bank borcluya 5000 manat məbləğində kredit vermişdir. X3 29 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən Cavabdeh, borclu X2 vərəsəsi olmaqla, miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. Hazırda cavabdeh Ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməsi qeyd edilmişdir. Cavabdehin 16 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 4378.4 manat təşkil edir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə iddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı bank, İddiaçı ASC-yə X2 borcu olduğunu və onun vəfat etdiyini, maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, mərhum həyat yoldaşı X2 vərəsəsi kimi ona 1549.49 manat vəsait qaldığını, bank borcunun isə həmin məbləğdən üç dəfə çox olduğunu bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxıışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X3 arasında bağlanmış 16 noyabr 2019-cu il tarixli, № AL/68013/71/23 Kredit Sazişindən görünür ki, illik 25% olmaqla, 10 il müddətinə ödəmək şərti ilə, cəmi 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə, 16 noyabr 2019-cu il tarixli, № AL/68013/71/23 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 4378.4 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli V-49/2023 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat X1 adına vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, Qiyaslı kəndi ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******, xx.xx.2023-Asan 1, FİN:xxxxxxx, d/t xx.xx.1965) olduğu müəyyən edilmişdir və o, miras əmlakdan tam hissədə pay almışdır. Qeyd edilən miras əmlak, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” Publik Hüquqi şəxs “X6” Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, №164 məktuba əsasən mərhum X2 vərəsəsinə ödənilməli olan 1549.49 manat vəsaitdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Həmin qərarda göstərilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır.Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, mirasın həcmi 1549.49 manat təşkil etdiyindən miras qoyanın borcuna görə vərəsənin, yəni hazır ki iş üzrə cavabdehin məsuliyyəti göstərilən mirasın həcmi ilə məhdudlaşmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1549.49 manat əsas kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 64 manat dövlət rüsumunun 35.50 manat hissəsi cavabdehə, qalan 28.50 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1549.49 (bir min beş yüz qırx doqquz manat qırx doqquz qəpik) manat əsas kredit borcu və dövlət rüsumu qismində ödənilmiş 35.50 (otuz beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 64 manat dövlət rüsumunun qalan 28.50 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar