Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-34/2025 02.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə 02 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı ərizəsində Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14567,11 manat əsas, 3186,21 manat faiz və 469,05 manat cərimə - cəmi 18222,37 manat və ödənilmiş dövlət rüsumu əvəzində 144,67 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14567,11 manat məbləğində kredit borcu, 3186,21 manat məbləğində faiz borcu və 469,05 manat cərimə, ümumilikdə cəmi 18222,37 manat borcun və ödənilmiş 144,67 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2nun mülkiyyətində olan ünvan 1 № li 0.0561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 18222,37 manat borcun və ödənilmiş 144,67 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ünvan 1№ li 0.0561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh5 (mənzildə qeydiyyatda olan arvadı) istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməmələrinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixli kredit razılaşmasının surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 2 faizlə 28000 manat kredit verilmişdir. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh1 öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh4 öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.0561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini (fərdi yaşayış evinin əsas göstəriciləri: Liter 1-mərtəbəliyi 1, yaşayış otaqtannın sayı 3, yaşayış sahəsi 48.4 kv.m. yardımçı sahə 7.7 kv.m, ümumi sahə 56.1 kv.metr fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili ve qurğular) Liter 1-Təsərrüfat damı, mertebeliyi 1, tikintialtı sahə 30.8 kv.metr) ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 11767,50 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 0290851, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013 olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulması daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İddiaçı QSC-nin təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, Cavabdeh3 borcu 14567,11 manat əsas, 3186,21 manat faiz və 469,05 manat cərimə təşkil edir. 17 fevral 2025-ci il tarixli 9/10502 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh3 əsas borcu 14567,11 manat, faiz borcu 3695,07 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəf Cavabdeh3 36 ay müddətinə, aylıq 2 faizlə 28000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 14567,11 manat əsas, 3695,07 manat faizdən, borclu qalmaqla öhdəliyi icra etməmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh3 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh3 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsində qeyd olunmuşdur ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilmişdir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh3 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə dəbbə pulu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh3 469,05 manat cərimə borcu hesablanmışdır. Lakin məhkəmə Cavabdeh3 banka əvvəllər etdiyi ödənişləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılaraq 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya verilməli, həmçinin cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 14567,11 manat əsas, 3186,21 manat faiz, 10 manat cərimə – cəmi 17763 (on yeddi min yeddi yüz altmış üç) manat 32 (otuz iki) qəpik borc, ödənilmiş 144,67 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 1 №-li 0.0561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın və ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 İddiaçı QSC-yə olan 17763 (on yeddi min yeddi yüz altmış üç) manat 32 (otuz iki) qəpik, ödənilmiş 144,67 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı borc ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulsun. Cavabdeh2 mülkiyyətində olan ünvan 1№ li 0.0561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh5 (mənzildə qeydiyyatda olan arvadı) istifadə hüququ itirilsin, onlar həmin yaşayış binasından çıxarılsın, əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti 11767,50 manat müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 50 (əlli) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İddianın cərimə borcu tələbinin qalan 459,05 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-34/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-34/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver