Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3493/2025 22.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 22 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı MMC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3411 manat əsas borc, 2144 manat faiz borcu, 856 manat dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 85 manat olmaqla cəmi 6496 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 2727 nömrəli 4100 AZN məbləğində borc müqaviləsi bağlanmışdır. Cavabdeh həmin borc müqaviləsinin şərtlərinə əməl etməyərək aylıq ödənişləri vaxtında etməmişdir. Nəticədə Cavabdeh həmin borc müqaviləsi üzrə İddiaçı MMC-yə hazırda 3411 manat əsas borc, 2144 manat faiz borcu, 856 manat dəbbə borcu olmaqla cəmi 6411 AZN məbləğində pul borcu var. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 52 faizlə 18 ay müddətinə 4100 manat kredit vermişdir. İddiaçının təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, cavabdehin banka 3411 manat əsas, 2144 manat faiz, 856 manat cərimə borcu var. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə illik 52 faizlə 4100 manat kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf 3411 manat əsas, 2144 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcu ödəməyi üzərinə götürmüşdür. Cavabdehə kredit müqaviləsi üzrə 856 manat dəbbə pulu hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcunun azaldılaraq 50 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 85 manat alınaraq İddiaçı MMC-yə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3411 manat əsas, 2144 manat faiz, 50 manat dəbbə pulu - cəmi 5605 (beş min altı yüz beş) manat borc və ödənilmiş dövlət rüsumu əvəzində 85 (səksən beş) manat tutularaq Gold Sapfir» MMC-nin xeyrinə ödənilsin. İddianın dəbbə pulu tələbinin qalan 806 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-3493/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3493/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver