Məhkəmə qərarları › İş №e-2(013)-362/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-362/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-362/2025 04.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 14619.86 manat məbləğində kredit borcu, 1804.86 manat məbləğində faiz borcu və 506.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16931.05 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Sazişi Müqaviləsinə əsasən borcalana 48 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla 17500 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh Ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməsi qeyd edilmişdir. Cavabdehin götürdüyü kredit borcundan 14619.86 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında məsuliyyət götürmüş, həmin zaminlik müqavilərinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ASC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə iş üzrə keçiriləcək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Belə olan halda məhkəmə işə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməmələri səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçı bankdan ehtiyacı olduğu üçün 17500 manat kredit götürdüyünü, daha sonra imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini, cərimənin mümkün qədər azaldılmasını, borcunu hissə-hissə qaytarmağa razı olduğunu bildirərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CP/30606/91/36 saylı Kredit Sazişinə əsasən ona, illik 20 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48 ay müddətinə 17500 (on yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli CP/30606/91/36 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1 CP/30606/91/36 saylı Kredit Sazişi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1nın xx.xx.2023-cü il tarixli, CP/30606/91/36 nömrəli kredit razlaşması üzrə xx.xx.2024-cü il tarixinə, ödənilməmiş borcu 14619.86 manat əsas borcu, 1804.86 manat faiz borcu, 506.33 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə CP/30606/91/36 nömrəli “Kredit Sazişi” üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə 506.33 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 506.33 manat məbləğində cərimənin 400 manat hissəsində cavabdehlərdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 106.33 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14619.86 manat əsas kredit borcu, 1804.86 manat faiz borcu və 106.33 manat cərimə olmaqla, cəmi 16531.05 manat məbləğində borcu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 141 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14619.86 manat əsas kredit borcu, 1804.86 manat faiz borcu və 106.33 manat cərimə borcu olmaqla, cəmi 16531.05 (on altı min beş yüz otuz bir manat beş qəpik) manat məbləğində borc və ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar