Məhkəmə qərarları › İş №e-2(013)-371/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-371/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-371/2025 03.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 125.00 manat sığorta ödənişi məbləğinin, 30.00 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 155 (bir yüz əlli beş) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Chery Tiqqo» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmaqla, sığorta təminatı almışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi «Chery Tiqqo» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törədərək «QAZ 3110-121» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və qeyd olunan avtomaşına zərər yetirmişdir. Hadisə nəticəsində "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 255.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Qaradağ RPİ DYPŞnin arayışına əsasən Cavabdeh zərər vuran qismində qeyd edilmişdir. Həmçinin Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Subroqasiya hüququnun yaranması barədə iddiaçı tərəfindən bildirişlər göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh 125.00 manat borcun ödənilməsindən yayınmışdır . Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 05 (beş) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla ( nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən «QAZ 3110-121» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə ödənilmiş 125.00 manat sığorta ödənişi və ödənilmiş 30.00 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehdən 125.00 manat sığorta ödənişi, 30.00 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 155.00 (bir yüz əlli beş) manat məbləöində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar