Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-398/2024 14.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X1 Bank Kredit Təşkilatı (bundan sonra- İddiaçı MMM QBKT) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 4718.00 manat, faiz borcu üzrə 1387.04 manat, cərimə borcuna görə 301.36 manat olmaqla cəmi 6406.40 manat məbləğində pulun və ödənilmiş 84.07 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMM QBKT arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0214 saylı “Kredit müqaviləsi”nə əsasən 24 ay müddətinə, illik 28.00 % faiz olmaqla, cəmi 5000 (beş min) manat məbləğində kredit vəsaitinin verildiyini, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu hər ay 278 manat məbləğində ödəniş etməsi razlaşdırıldığını, həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olması göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram daxil olmuş, həmin teleqramda təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə biməyəcəklərini, işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçı "xxxx" MMM QBKT-yə borcu olduğunu, maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, faiz və cərimənin çox hesablandığını, hissə-hissə qaytarmağa razı olduğunu qətnamə qəbul edilərkən bütün bunların nəzərə alınmasını bildirərək iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddiaçı "xxxx" MMM QBKT-yə borcu olduğunu, maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, faiz və cərimənin çox hesablandığını, hissə-hissə qaytarmağa razı olduğunu qətnamə qəbul edilərkən bütün bunların nəzərə alınmasını bildirərək iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan cavabdehlərin izahatını və çıxıışlarını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0214 nömrəli kredit müqaviləsindən görünür ki, illik 28.00 % olmaqla, cəmi 5000 manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan bağlanmış xx.xx.2023-cü il tarixli **********0***-******* nömrəli müqavilədən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin Cavabdeh3 kreditor qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan bağlanmış xx.xx.2023-cü il tarixli **********0***-******* nömrəli müqavilədən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMM QBKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 4718.00 manat, müqavilə müddətinin sonuna hesablanmış faiz borcu üzrə 1387.04 manat və cərimə borcu üzrə 301.36 manat, cəmi borcu isə 6406.40 manat təşkil edir. Məhkəmə tələb olunan əsas borcun məbləğləri ilə razılaşsa da faiz borcu ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı müqavilə müddətinin sonuna, yəni xx.xx.2025-ci il tarixə hesablanmış (1665.0 manat müqavilə müddətinin sonuna hesablanmış faiz borcu – 277.96 manat ödənilmiş faiz borcu = 1387.04) 1387.04 manat faiz borcunun qaytarılmasını tələb etmişdir ki, məhkəmə bunu əsassız hesab edir və ərizə ilə məhkəməyə müraciət olunan 2024cü ilin yanvar ayına faiz borcuna görə hesablanmış (1053-277.96=775.04) 775.04 manatın tutulmasını daha əsaslı sayır. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı-kredit verən 2024-cü ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iradə ifadəsini yazılı şəkildə bildirmiş və bununla da icra müddəti hələ xx.xx.2025-ci il tarixdə başa çatacaq kredit müqaviləsinin birtərəfli qaydada artıq ləğv olunduğunu bəyan etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü ili tarixli kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndlərində qeyd edilir ki, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı məhz bu hüququndan istifadə edərək tam şəkildə faiz borcunun qaytarılmasını tələb etmişdir. Lakin müqavilənin məzmunundan görünür ki, faiz borcunun tam şəkildə qaytarılması iddiaçı-kredit verənin hüququ kimi nəzərdə tutulsa da cavabdeh-kredit alan bunu lazımınca yerinə yetirəcəyi barədə üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə olan halda, artıq ləğv edilmiş sayılan kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcunun tam şəkildə tutulması tamamilə əsassızdır. Odur ki, məhkəmə faiz borcunun qismən təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə bağlanmış **********0428 nömrəli Kredit Müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə 301.36 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 301.36 manat məbləğində cərimənin 201.36 manat hissəsində cavabdehlərdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 100.00 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 4718.0 manat, faiz borcu üzrə 775.04 manat və cərimə borcu üzrə 100.0 manat pulun cavabdehdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiacı tərəfindən ödənilmiş 84.07 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiacıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4718.00 manat əsas, 775.04 manat faiz, 100.00 manat cərimə borcu olmaqla, cəmi 5593.04 (beş min beş yüz doxsan üç manat dörd qəpik) manat borc və 84.07 (səksən dörd manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-398/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-398/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver