Məhkəmə qərarları › İş №e-2(013)-4047/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4047/2025

04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4047/2025 04.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 04 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" ASC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Grandeur” markalı **-AE-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2023-ci ildə M0367/23-1 avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə əsasən cəmiyyət tərəfindən sığortalanmışdır. Cavabdeh2 “Hyundai Accent” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində Hyundai Grandeur” markalı **-AE-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək cərimə edilmişdir. “Hyundai Grandeur” markalı **-AE-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 14861,43 manat müəyyən edilmiş, cəmiyyət tərəfindən sığortalı "xxxx" MMC-yə ödənilmişdir. Həmin məbləğdən 4170,56 manat təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən cəmiyyətə ödənildiyini qeyd etməklə "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödnilmiş 10390,77 manat və ödənilmiş dövlət rüsumu əvəzində 122 manat Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ünvanlayaraq "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödnilmiş 10390,77 manat və ödənilmiş dövlət rüsumu əvəzində 122 manat Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə "xxxx" ASCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Cavabdeh2in iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Sabunçu Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş, lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Sənayə Sığorta ASC-nin qüsur aktından görünür ki, “Hyundai Grandeur” markalı**-AE-*** qeydiyyat nişanlı avtomobilə 14861,43 manat ziyan dəymişdir. MCL-302/24 № li sığorta ödənişi aktından görünür ki, 14861,43 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Grandeur” markalı **-AE-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2023-ci ildə M0367/23-1 avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə əsasən cəmiyyət tərəfindən sığortalanmışdır. Cavabdeh2 “Hyundai Accent” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində Hyundai Grandeur” markalı **-AE-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək cərimə edilmişdir. “Hyundai Grandeur” markalı **-AE-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 14861,43 manat müəyyən edilmiş, cəmiyyət tərəfindən sığortalı "xxxx" MMC-yə ödənilmişdir. Həmin məbləğdən 4170,56 manat təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Belə olan halda "xxxx" ASC-nin ödədiyi 14861,43 manat məbləğin qalan 10390,77 manat hissəsini cavabdehdən, yəni Cavabdeh2 tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh2 10390,77 manat sığorta ödənişi məbləği, ödənilmiş dövlət rüsumu əvəzində 122 manat – cəmi 10512 (on min beş yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar