Məhkəmə qərarları › İş №e-2(013)-441/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-441/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-441/2025 21.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6306,78 manat məbləğində əsas borcun, 789,40 manat məbləğində faiz borcu və 147,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7243,65 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 92,44 manat pulun QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 021A********** saylı ərizəsinə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş, həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2193,22 manat ödəniş etmiş və onun 6306,78 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 197 gün üçün hesablanmış faiz borcu 789,40 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 197 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 147,47 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Odur ki, cavabdehdən həmin məbləğlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlamış, iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddiaçı "xxxx" QSC-dən 18 faiz dərəcəsi ilə 8500 manat 36 ay müddətinə pul götürmüşdür. Ailədə xəstələri olduğu üçün sonradan ödənişləri edə bilməmişdir. Sonuncu dəfə 6 ay bundan əvvəl ödəniş etmişdir. Hazırda 600 manat əmək haqqı alır, həmin pulla kredit məbləğini ödəyə bilmir, ailəsini çətinliklə dolandırır. Bankla şifahi olaraq razılaşmışlar. İşlədiyindən növbəti günlərdən borclarını alyıq olaraq ödəyəcək. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarında olan təkzibedilməz sübutları qiymətləndirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 021A********** saylı müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 manat məbləğində kredit götürmüşdür. Ərizəyə əlavə edilmiş borc cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə müqavilə üzrə 6306,78 manat məbləğində əsas borcu, 789,40 manat məbləğində faiz borcu və 147,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7243,65 manat məbləğində əsas, faiz və cərimə borcları vardır. Ərizəyə əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. ASAN 5 Xidməti tərəfindən 07 dekabr 2018-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ağdam rayonu Şıxlar kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozmuş, borc öhdəliklərini yerinə yetirməmişlər. Edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənlişdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən borclu kimi, Azərbaycan Respublikası MM-nin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsində cavabdehdən 147.47 manat cərimə məbləğinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan cərimənin məbləği azaldılmaqla 10 manat məbləğində müəyyən edilməlidir. İddia tərəfi 92,44 manat dövlət rüsumu ödəmiş, həmin məbləğ də borcludan tələb edir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin müddəaları baxımından hesab edir ki, həmin məbləğ də cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6306,78 manat məbləğində əsas borc, 789,40 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7106.18 /yeddi min bir yüz altı manat on səkkiz qəpik/ manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 92,44 /doxsan iki manat qırx dörd qəpik/ manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - 6306,78 manat məbləğində əsas borc, 789,40 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7106.18 /yeddi min bir yüz altı manat on səkkiz qəpik/ manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 92,44 /doxsan iki manat qırx dörd qəpik/ manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar