Məhkəmə qərarları › İş №e-2(013)-606/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-606/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-606/2024 02.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5730.27 manat əsas və 201.34 manat faiz, cəmi 5931.61 manat borcun və ödənilmiş cəmi 79.32 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, “Kredit müqaviləsi”nə əsasən ona 25 ay müddətinə, 21% dərəcəsi ilə 6370.17 manat məbləində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən kreditin və kredit faizlərinin borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsini müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun həyata keçirildiyinin müəyyən edilsədə, cavabdehin üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi və xx.xx.2024-cü il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 5730.27 manat əsas, 201.34 manat faiz, cəmi 5931.61 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ASC-yə borcu olduğunu, lakin maddi imkanının yaxşı olmaması səbəbindən banka olan borcunu qaytara bilmədiyini, həmin borcun hissə-hissə qaytaracağını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib və təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, RGTK0792666B129 nömrəli kredit müqaviləsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, illik 21% olmaqla, cəmi 6370.17 (altı min üç yüz yetmiş manat on yeddi qəpik) manat məbləğində kredit, 25 ay müddətinə ödənilmək şərti ilə İddiaçı ASC tərəfindən borclu Cavabdeh verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən çıxarılmış maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə, Cavabdeh xx.xx.2023-ci il tarixli, RGTK0792666B129 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcu 5730.27 manat əsas, 201.34 manat faiz, cəmi 5931.61 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsinə görə 5730.27 manat əsas, 201.34 manat faiz cəmi 5931.61 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş cəmi 79.32 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5730.27 manat əsas və 201.34 manat faiz, cəmi 5931.61 (beş min doqquz yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində pul və ödənilmiş cəmi 79.32 (yetmiş doqquz manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar