Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-665/2024 15.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə mülki işə 15 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 15000 manat kredit vermişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə borclu qaldığını qeyd etməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14184,16 manat əsas, 1901,3 manat faiz, 163 manat cərimə – cəmi 16248,46 manat və ödənilmiş 139 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödnilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı qismən etiraf edərək cərimə borcu istisna olmaqla tələbin qalan hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli kredit sazişinin və həmin tarixli bank hesabı müqaviləsinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 15000 manat kredit verilmiş, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 və Cavabdeh3 öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün onlara xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya olan borcu 14184,16 manat əsas, 1901,3 manat faiz, 163 manat cərimə təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 15000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 14184,16 manat əsas, 1901,3 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında müqavilə bağlanmış, sonuncular Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh1 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə 163 manat cərimə borcu hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14184,16 manat əsas, 1901,3 manat faiz, 10 manat cərimə - cəmi 16095 (on altı min doxsan beş) manat 46 (qırx altı) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 139 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın cərimə borc tələbinin qalan 153 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-665/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-665/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver