Məhkəmə qərarları › İş №e-2(013)-67/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-67/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-67/2024 15.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 Bank Kredit Təşkilatı (bundan sonra- İddiaçı MMQBKT) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 4114.00 manat, faiz borcu üzrə 792.10 manat, cərimə borcuna görə 431.03 manat olmaqla cəmi 5337.13 manat məbləğində pulun və ödənilmiş 73.38 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********0428 saylı Kredit Müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27% dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit vəsaitinin, borcalana verildiyini, lakin borcalan tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini və nəticədə xx.xx.2023-cü il tarixə cəmi 5337.13 manat məbləğində borc yarandığını, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə teleqram daxil olmuş, teleqramda təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə biməyəcəklərini, işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0428 nömrəli Kredit Müqaviləsindən görünür ki, illik 27% olmaqla, cəmi 6000 (altı min) manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0***-******* nömrəli Zaminlik Müqaviləsindən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" MM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0***-******* nömrəli Zaminlik Müqaviləsindən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan "xxxx" MM QBKT tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə, xx.xx.2023-cü il tarixə ödənilməmiş əsas borcu 4114.00 manat və faiz borcu üzrə 792.10 manat, cərimə borcu üzrə 431.03 manat olmaqla, cəmi 5337.13 manat təşkil edir. Məhkəmə tələb olunan əsas və cərimə borclarının məbləğləri ilə razılaşsa da faiz borcu ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı müqavilə müddətinin sonuna, yəni xx.xx.2024-cu il tarixə hesablanmış (1413.0 manat müqavilə müddətinin sonuna hesablanmış faiz borcu – 1066.90 manat ödənilmiş faiz borcu = 346.1) 792.10 manat faiz borcunun qaytarılmasını tələb etmişdir ki, məhkəmə bunu əsassız hesab edir və ərizə ilə məhkəməyə müraciət olunan 2023-cü ilin oktyabr ayına faiz borcuna görə hesablanmış (1413- 1066.90=346.1) 346.1 manatın tutulmasını daha əsaslı sayır. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı-kredit verən 2023-cü ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iradə ifadəsini yazılı şəkildə bildirmiş və bununla da icra müddəti hələ xx.xx.2024-cü il tarixdə başa çatacaq kredit müqaviləsinin birtərəfli qaydada artıq ləğv olunduğunu bəyan etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci ili tarixli kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndlərində qeyd edilir ki, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı məhz bu hüququndan istifadə edərək tam şəkildə faiz borcunun qaytarılmasını tələb etmişdir. Lakin müqavilənin məzmunundan görünür ki, faiz borcunun tam şəkildə qaytarılması iddiaçı-kredit verənin hüququ kimi nəzərdə tutulsa da cavabdeh-kredit alan bunu lazımınca yerinə yetirəcəyi barədə üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə olan halda, artıq ləğv edilmiş sayılan kredit müqaviləsi üzrə xx.xx.2024-cü il il tarixə hesablanmış faiz borcunun tam şəkildə tutulması tamamilə əsassızdır. Odur ki, məhkəmə faiz borcunun qismən təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixdə bağlanmış **********0428 nömrəli Kredit Müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə 431.03 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış **********0428 nömrəli Kredit Müqaviləsi üzrə tətbiq olunmuş 431.03 manat məbləğində cərimənin 331.03 manat hissəsində cavabdehlərdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 100 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 4114.00 manat, faiz borcu üzrə 346.10 manat, cərimə borcu üzrə 100.0 manat olmaqla cəmi 4560.10 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MM QBKT-nın xeyrinə ödənilməlidir. İddianın qalan hissələrdə təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 73.38 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4114.00 manat əsas borc, 346.1 manat faiz borcu və 100.0 manat cərimə borcu olmaqla cəmi 4560.10 (dörd min beş yüz altmış manat on qəpik) manat və ödənilmiş 73.38 (yetmiş üç manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MM QBKT-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar