Məhkəmə qərarları › İş №e-2(013)-690/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-690/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-690/2025 28.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 kredit müqaviləsi üzrə 25269.68 manat əsas və 3906.06 manat faiz, 13000 manat cərimə olmaqla, cəmi 42175.74 manat borcun və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu və ödənilmiş 233 manat dövlət rüsumunun tutulması, həmin tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə qeyd olunan əmlakın açıq hərracda satılması, həmin satışdan əldə olunan vəsait hesabına qeyd olunan borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 saylı kredit müqaviləsi üzrə cəmi 42175.74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş ümumilikdə 284 manat borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsaitin qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə borclu Cavabdeh1 arasında 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona, illik 19% olmaqla, 36 ay müddətinə 65000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzil İddiaçı ASC qarşısında 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı tərəf ərizəsində məhkəmə xərclərini müəyyən edərkən, iş üzrə qiymətləndirmə xidmətinin haqqının bank tərəfindən ödənilməsinin nəzərə alınmasını və borcludan tutulmalı olan məbləğə daxil edilməsini, qeyd olunan mülki işə onların iştirakı olmadan baxılmasını,və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə qaytarılmaq şərti ilə illik 19 faiz dərəcəsi ilə 65000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC-dir, ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1dur, ipoteka müqaviləsinin predmeti- Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzildir. Həmin Müqavilənin 5.6-cı bəndinə əsasən, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə vasitəsi ilə ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Resyestri publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzil öhdəliyin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 2168 nömrəli reyestr kitabının 200872 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Bildirişin surətindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzil İddiaçı ASCdə ipotekaya qoyulmuşdur. Cavabdehə bildirişdə göstərilən borcun ödənilməsinin kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş əmlaka yönəldilməklə qaytarılması, bununla bağlı çəkilmiş və ya çəkilməli olan bütün xərclərin həmin əmlakın satışından əldə edilən vəsait hesabına ödənilməsi baradə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, RB-02/3937 saylı ərizəsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixə, kredit müqaviləsi üzrə 25269.68 manat əsas kredit borcu, 3906.06 manat faiz borcu, 13000 manat cərimə borcu olmaqla, cəmi 42175.74 manat məbləğində təşkil edir. Mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(013)-690/2025 saylı qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nə tapşırılmış və ekspertin qarşısında Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli əmlakın hazırkı bazar qiymətinin nə qədər olması barədə suallar qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzilin bazar və likvid qiyməti müəyyən edilmişdir. Həmin əmlakın xx.xx.2025-ci il tarixinə olan bazar qiyməti 145.000 (bir yüz qırx beş min) manat, likvid qiyməti isə 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilən Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-690/2025 saylı qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 30 iyun 2025-ci il tarixli № 9/2251 rəyindən görünür ki, Cavabdeh1 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 saylı Kredit müqaviləsi üzrə, müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla xx.xx.2015-ci il tarixinə olan borcu: - 26.829,01 manat olmaqla, əsas borc üzrə 25.257, 86 manat, faiz borcu üzrə 1.571,15 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 269.7-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girovla yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 22 iyul 2022-ci il tarixli, RBNPT-00199 saylı kredit müqaviləsi üzrə tətbiq olunmuş 13000 manat məbləğində dəbbə pulunun 12500 manat manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 500 manat hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra- «İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka qiymətinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 25257.86 manat əsas, 1571.15 manat faiz və 500 manat cərimə olmaqla, cəmi 27329.01 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməli, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılmalı, göstərilən əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh1 tutulmalıdır. İddiaq qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 233 manat dövlət rüsumu ödənilmişdir. Bundan başqa İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 51 manat rüsum və İpoteka predmeti olan əmlakların qiymətləndirməsinə dair aparılması tədqiqat üçün 500 manat ödənilmişdir. Belə olan halda iş üzrə ödənilmiş 233 manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 51 manat rüsumu, İpoteka predmeti olan əmlakların qiymətləndirməsinə dair aparılması tədqiqat üçün 500 manat xərc və iş üzrə təyin edilmiş məhkəmə ekpertiza tədqiqatının 100 manat xərci Cavabdeh1 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 25257.86 manat əsas, 1571.15 manat faiz və 500 manat cərimə olmaqla, cəmi 27329.01 (iyirmi yeddi min üç yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində pul, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumu və ödənilmiş 233 (iki yüz otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Həmin tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılsın və əldə edilmiş vəsaitdən 25257.86 manat əsas, 1571.15 manat faiz və 500 manat cərimə olmaqla, cəmi 27329.01 (iyirmi yeddi min üç yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində pul, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumu və ödənilmiş 233 (iki yüz otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh1 tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 11 saylı evin 30 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 (bir yüz qırx beş min) manat müəyyən edilsin. İş üzrə aparılmış ipoteka predmeti olan əmlakların qiymətləndirməsinə dair aparılması tədqiqatının 500 (beş yüz) manat xərci Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat xərci Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rafiq Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar