Məhkəmə qərarları › İş №e-2(013)-901/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-901/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-901/2024 15.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 15 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9204,46 manat əsas, 3,29 manat faiz - cəmi 9207,75 manat borc, həmçinin 112,08 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən Q.R.Məhərrəmov iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 60 ay müddətinə illik 1 faizlə, 12 ay güzəşt müddəti hesab olunmaqla 13592,5 manat məbləğində kredit verilmişdir. Həmin kreditin ödənilməsinin təminatı kimi İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, bununlada zamincavabdehlər borclu ilə birlikdə məsuliyyəti öz üzərlərnə götürmüşlər. Cavabdeh3 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə 9204,46 manat əsas, 3,29 manat faizdən borcu qalmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlərin öhdəliyi icra etmədiklərini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə həmin cavabdehlərin iclasa gəlməmələrinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 60 ay müddətinə illik 1 faizlə 13592,5 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh3 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etmələrini Cavabdeh1 və Cavabdeh2 öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh3 iddiaçıya olan borcu 9204,46 manat əsas, 3,29 manat faiz təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh3 illik 1 faizlə 60 ay müddətinə, 12 ay güzəşt müddəti tətbiq edərək 13592,5 manat məbləğində kredit verməklə üzərlərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 9204,46 manat əsas, 3,29 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncular Cavabdeh3 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh3 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğunda təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9204,46 manat əsas, 3,29 manat faiz - cəmi 9207 (doqquz min iki yüz yeddi) manat 75 (yetmiş beş) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 112,08 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam rayonu Quzanlı qəsəbəsi Tel: (026) 32-5-05-97 Faks: (026) 32-5-05-97 İş № 2(013)-901/2024 15 may 2024-cü-ci il surəti: Ağdam rayonu Şükürağalı kəndi. vət. Cavabdeh3 surəti: Ağdam rayonu Sarıcalı kəndi. vət. Cavabdeh1 surəti: Ağdam rayonu Çəmənli kəndi. vət. Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-901/2024 saylı qətnaməsinin surəti Sizə göndərilir. Qoşma: 03 vərəqə. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar