Məhkəmə qərarları › İş №e-2(014)-1048/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1048/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1048/2025 19.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1510,93 əsas borc, 4,65 manat faiz borcu olmaqla, ümumilikdə 1515,58 manat borc, 35,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cumayeva İyunə Atakişi qızı (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********68 nömrəli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 2220 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan 11 sentyabr 2021-ci il tarixində öldüyündən müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən həmin Notariat Ofisi tərəfindən Cumayeva İyunə Atakişi qızının miras əmlakına dair onun vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Ağdaş rayonu, Aşağı Ləki kəndində yerləşən ümumi sahəsi 0.1255 ha olan torpaq sahəsini və Ağdaş rayonu, Aşağı Ləki kəndində yerləşən ümumi sahəsi 2.8722 ha olan torpaq sahəsini əldə etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi müəyyən edilmişdir. Bank tərəfindən borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində 18 mart 2025-ci il tarixli maliyyə arayışlarına əsasən Cumayeva İyunə Atakişi qızının kredit müqaviləsi üzrə 1510,93 əsas borc, 4,65 manat faiz borcu olmaqla, ümumilikdə 1515,58 manat borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: BPM**********68 nömrəli 24 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən Cumayeva İyunə Atakişi qızına kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 24 % hesablanmaqla, 2220 manat məbləğində kredit verilmişdir. 24 aprel 2019-cu il tarixli kassa məxaric oderindən görünür ki, 24 aprel 2019-cu il tarixdə "xxxx" ASC tərəfindən Cumayeva İyunə Atakişi qızına 2220 manat məbləğində kredit verilmişdir. 18 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cumayeva İyunə Atakişi qızı arasında bağlanmış BPM**********68 nömrəli, 24 aprel 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cumayeva İyunə Atakişi qızının kredit müqaviləsi üzrə əsas borcu 1510,93 manat, faiz borcu 4,65 manat təşkil edir. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 203407 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş sürətindən görünür ki, Cumayeva İyunə Atakişi qızı 11 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Ağdaş rayon Notariat ofisi tərəfindən 22 dekabr 2023-cü il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 11 sentyabr 2021-ci il tarixdə ölmüş mərhum Cumayeva İyunə Atakişi qızının vərəsələri hesab edilmişlər. "xxxx" ASC tərəfindən mərhum Cumayeva İyunə Atakişi qızının vərəsələri Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 göndərilmiş 14 noyabr 2024-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC mərhum Cumayeva İyunə Atakişi qızı üzərinə götürdüyü öhdəlikləri icra etmək üçün onun vərəsələrinə xəbərdarlıq etmişdir. Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 35,11 (otuz beş manat, on bir qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cumayeva İyunə Atakişi qızı arasında bağlanmış BPM**********68 nömrəli, 24 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cumayeva İyunə Atakişi qızına 60 ay müddətinə, illik 24 % hesablanmaqla, 2220 manat məbləğində kredit verilmişdir. Cumayeva İyunə Atakişi qızı 11 sentyabr 2021-ci il tarixdə öldüyü üçün müqavilə üzrə üzərinə düşən öhdəlik tam icra edilməmiş və onun 18 mart 2025-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 1510,93 manat, faiz borcu 4,65 manat olmaqla, ümumilikdə borc 1515,58 manat təşkil etmişdir. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 mərhum Cumayeva İyunə Atakişi qızının vərəsələri müəyyən edildiyindən hazırda "xxxx" ASC mərhumun borcunun vərəsələri tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cumayeva İyunə Atakişi qızının vərəsələri X3, X4 və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 1510,93 manat əsas borc, 4,65 manat faiz borcu olmaqla, ümumilikdə 1515,58 (bir min beş yüz on beş manat, əlli səkkiz qəpik) manat borc, 35,51 (otuz beş manat, əlli bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cumayeva İyunə Atakişi qızının vərəsələri X3, X4 və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 1510,93 manat əsas borc, 4,65 manat faiz borcu olmaqla, ümumilikdə 1515,58 (bir min beş yüz on beş manat, əlli səkkiz qəpik) manat borc, 35,51 (otuz beş manat, əlli bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar