Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1219/2023 01.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən “Borc verən” İddiaçı tərəfindən “Borc alan” Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərti ilə 20.000 manat məbləğində borca pul vəsaiti vermişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, məktuba cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh iddiaçının pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçı əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Göstərilənlərə əsasən Cavabdeh 20.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 29 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, o, 2021-ci il tarixdə "xxxx" MMC-də işə düzəlmişdir. Bu zaman ona həmin şirkətdən bildirmişlər ki, borc müqaviləsi bağlamalıdır. Belə olub Bakı şəhər 11 saylı Notariat ofisinə şirkətlə müqavilə bağlamaq üçün getmişdir. Lakin müqavilə hazır olub təsdiqləndikdən sonra ona məlum olmuşdur ki, o, "xxxx" MMC ilə deyil, həmin şirkətin şöbə müdiri vəzifəsində işləyən İddiaçı ilə müqavilə bağlamışdır. Bunun səbəbini aydınlaşdırdıqda ona müxtəlif bəhanələr gətirmişdirlər. O, həmin şirkətin Qəbələ rayon ərazisində işləməyə başlamışdır. Bütün satışları qaydasında idi. Satışları həyata keçirirdi, lakin müştərilər ödənişləri bir başa olaraq şirkətin hesabına ödəyirdilər. Belə olub 2022-ci ilin yay aylarına kimi həmin şirkətdə işləmişdir. Sonradan onu işdən azad etmişlər. İşdən çıxarkən şirkətə heç bir borcu olmamışdır. Bundan sonra məhkəmədən ona bildiriş gəlmişdir. O, məsələni araşdırarkən ona məlum olmuşdur ki, İddiaçı onu məhkəməyə verib. Daha sonra "xxxx" MMC-yə yenidən onu işə dəvət etdilər. İşə çıxan zaman orada onu niyə məhkəməyə verdiklərini maraqlandığından ona özlərinin həll edəcəklərini, işini işləməsini bildirmişlər. Yenidən şirkətdə işləməyə başlamışdır. Daha sonra yenə də onu işdən azad etdilər. Bundan sonra yenidən İddiaçı onu məhkəməyə vermişdir. İddiaçı ümumiyyətlə tanımamışdır. Onunla hər hansı bir tanışlıq əlaqələri olmamışdır. Necə ola bilər ki, onu tanımayan bir şəxs birdən-birə heç vaxt tanımadığı şəxsə 20.000 manat borc verər. Bu yalnız və yanız şirkətin saxta oyunlarıdır. Müqavilə bağlanılsa da, ona ümumiyyətlə pul verilməmişdir. Bu isə müqavilənin etibarsızlığını sübut edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 16 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlanmışdır. İşin materiallarında olan Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş 3M- 894 nömrəli notarial hərəkətlərin aparılmasına dair iş materiallarının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 iyun 2021-ci il tarixdə borc (kredit) müqaviləsi bağlanmış, İddiaçı İddiaçı ilə 20000 manat məbləğində pulun ona borc verilməsinə dair razılığa gəlmişlər. İşin materiallarında olan X5 ilə X3 arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 28 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, X5 ilə X3 arasında borc (kredit) müqaviləsi bağlanmışdır. İşin materiallarında olan X5 ilə X3 arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 01 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, X5 ilə X3 qarşılıqlı razılığa gələrək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-1078 reyestr nömrəli müqaviləni ləğv etmişlər. Kredit müqaviləsində ödənilmiş 50000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə “İkinci tərəf borc alan” X3 “Birinci tərəf – borc verən” X2 qaytarmışdır. İşin materiallarında olan “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, “Borc verən” X5 “Borc alan”a 50000 manat məbləğində borc verir, “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borcverənə” qaytarmağı öhdəsinə götürür. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, borclu Cavabdeh 20000 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı həqiqətən də "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləyir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq cavabdehlə işin materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsəd isə cavabdehin "xxxx" MMC-də işə başladığı vaxtdan şirkətin mallarının satışını həyata keçirərkən onun maddi məsuliyyətinin təminatı məqsədi daşımışdır. Yəni, əslində burada hüquq münasibəti cavabdehlə iddiaçı arasında deyil, cavabdehlə "xxxx" MMC arasında yaranmışdır ki, həmin münasibət isə borc müqaviləsindən deyil, əmək münasibətləri üzrə maddi məsuliyyət müqaviləsindən irəli gələn münasibətdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 iyun 2021-ci il tarixli kredit müqaviləsi isə notariat orqanında bağlanmasına baxmayaraq, etibarsız əqddir. Belə ki, işin məhkəmədə müəyyən olunan həqiqi faktiki halı ondan ibarətdir ki, "xxxx" MMC tapşırıq vermiş və həmin malların satışını həyata keçirərkən cavabdehin üzərinə məsuliyyət qoymuşdur. Hazırda isə həmin yalan əqddən "xxxx" MMC-nin işçisi İddiaçı həqiqi məzmununa uyğun olmayan formada istifadə edir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Həmçinin, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3352/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarındakı mövqeyi) Bundan başqa, işin halları ilə müəyyən edilmişdir ki, notariat orqanında əqd bağlandıqdan sonra pul faktiki olaraq cavabdehdə saxlanılmamışdır. Belə olan halda isə iddiaçı əqdin etibarsızlığı nəticəsində də pul tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1219/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1219/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver