Məhkəmə qərarları › İş №e-2(014)-1233/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1233/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1233/2022 23.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 Cavabdeh2 nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2021/00001EG-0106 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 10.208.26 manat əsas məbləğində qalıq borcun, ona hesablanmış 4.102.71 manat məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.777 manat məbləğində dəbbə pulunun, cəmi 19.087.97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147.26 manat pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0.08 ha torpaq sahəsi üzərində yerləşən 197.2 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 52.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 10.208.26 manat məbləğində qalıq, ona hesablanmış 4.102.71 manat məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.777 manat məbləğində dəbbə pulunun, cəmi 19.087.97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147.26 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 17 avqust 2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə Cavabdeh2 etiraz ərizəsi əsasında məhkəmənin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı BOKT ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 17.000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0.08 ha torpaq sahəsi üzərində yerləşən 197.2 kv.m sahəsi olan daşınmaz əmlak (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr № **********98-10301, qeydiyyat № **********, tarix: xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 saylı İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 52.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsi ilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Cavabdehin İddiaçı BOKT ASC-yə 02 iyun 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 10.208.26 manat məbləğində qalıq, ona hesablanmış 4.102.71 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.777 manat məbləğində dəbbə pulu, cəmi 19.087.97 manat məbləğində borc yaranmışdır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2021/00001EG-0106 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 10.208.26 manat əsas məbləğində qalıq borcun, ona hesablanmış 4.102.71 manat məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.777 manat məbləğində dəbbə pulu, cəmi 19.087.97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147.26 manat pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində ünvan 1 ünvanındakı 0.08 ha torpaq sahəsi üzərində yerləşən 197.2 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 52.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 10.208.26 manat məbləğində qalıq, ona hesablanmış 4.102.71 manat məbləğində faiz borcun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.777 manat məbləğində dəbbə pulu, cəmi 19.087.97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147.26 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 məhkəməyə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərərk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi X4 məhkəmə iclasında iddianı qismən qəbul edərək ipoteka müqaviləsində göstərilən 52.000 manat likvid dəyəri ilə razı olduğunu, iddiaçı tərəfindən tələb edilən dəbbə pulunun azaldılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək ipoteka müqaviləsində göstərilən 52.000 manat likvid dəyəri ilə razı olduğunu, həmin məbləğlə ipoteka predmetini hərraca çıxarılmasına etiraz etmədiyini bildirdi və dəbbə pulunun azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 25 dekabr 2019-cu il tarixli, 2019/00001EG-0106 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 hesabına 36 ay müddətinə illik 36 % dərəcəsi ilə 17.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 2019/00001EG-0106 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh1 oğlu mülkiyyət hüququ ilə özünə məxsus olan Ağdaş şəhəri, Üzeyir Hacıbəyov küçəsi 30-da mülkiyyətində olan 0.0779 ha torpaq sahəsi və üzərində yerləşən 197.2 kv.m yaşayış və 122.2 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini 25 dekabr 2019-cu il tarixli, 2019/00001EG-0106 saylı İstehlak Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixinə olan Hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 saylı kredit müqaviləsi üzrə ödənişlər aparıldıqdan sonra cərimə məbləği üzrə 4.777 manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarında olan 20 may 2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-yə yaranmış borcun ödənilməsi üçün xəbərdarlıq edilmişlər. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli Borc haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 10.208.26 manat, faiz borcu üzrə 4.102.71 manat, ödənişlərin gecikdirilməsinə görə 4.777 manat, cəmi 19.087.97 manat məbləğində borcu yaranmışdır. İş üzrə İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin surətindən görünür ki, bildiriş xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 17.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0.08 ha torpaq sahəsi üzərində yerləşən 197.2 kv.m sahəsi olan daşınmaz əmlak (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr № **********98-10301, qeydiyyat № **********, tarix: xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu xx.xx.2019-cu il tarixli, 2021/00001EG-0106 saylı İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuş, bu barədə cavabdehlərə yaranmış borcun ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borcdan ödəniş edilməmiş, nəticədə cavabdehlərin 02 iyun 2022-ci il tarixinə əsas borc üzrə 10.208.26 manat, faiz borcu üzrə 4.102.71 manat, ödənişlərin gecikdirilməsinə görə 4.777 manat, cəmi 19.087.97 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən 147.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadından görünür ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.Odur ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 418-1.1-ci maddəsini rəhbər tutaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olduğunu qərara almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 əsas borc üzrə 10.208.26 manat, faiz borcu üzrə 4.102.71 manat, ödənişlərin gecikdirilməsinə görə cərimə borcu 100 manat, cəmi 14.410.97 manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 133.23 manat ödənilmiş dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndə 0.08 ha torpaq sahəsi üzərində yerləşən 197.2 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməli, həmin əmlakın likvid dəyəri 52.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə əsas borc üzrə 10.208.26 manat, faiz borcu üzrə 4.102.71 manat, ödənişlərin gecikdirilməsinə görə cərimə borcu 100 manat, cəmi 14.410.97 manat məbləğində borc və 133.23 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-yə ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001EG-0106 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 əsas borc üzrə 10.208.26 manat, faiz borcu üzrə 4.102.71 manat, ödənişlərin gecikdirilməsinə görə cərimə borcu 100 manat, 133.23 manat ödənilmiş dövlət rüsumu, cəmi 14.544 manat 20 qəpik (on dörd min beş yüz qırx dörd manat iyirmi qəpik) tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə verilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndə 0.08 ha torpaq sahəsi üzərində yerləşən 197.2 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilsin. Həmin əmlakın likvid dəyəri 52.000 manat müəyyən olunmaqla açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iş üzrə Cavabdeh2 iş üzrə İddiaçı BOKT ASC-yə olan 14.544 manat 20 qəpik (on dörd min beş yüz qırx dörd manat iyirmi qəpik) borc ödənilsin. İddiaçıya olan borc tam olaraq ödənildikdən sonra ipoteka predmeti olan daşınmaz əmlakın satışından əldə olunan pul məbləğinin qalan hissəsi Cavabdeh1 verilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar