Məhkəmə qərarları › İş №e-2(014)-1235/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1235/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1235/2025 19.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "FİNCA Azerbaijan" X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "FİNCA Azerbaijan" X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4011,50 manat əsas borc, 918 manat faiz borcu, 43,17 manat cərimə borcu olmaqla, cəmi 4972,67 manat borcun və 69,73 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə öldüyündən məhkəmənin 19 iyun 2025-ci il tarixli qərardadına əsasən iddia tələbinə ona dair hissədə xitam verilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 % dərəcəsi olmaqla 30 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 235 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 4011,50 manat, faiz borcu üzrə 918 manat, cərimə borcu üzrə 43,17 manat, cəmi 4972,67 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 30 ay müddətinə, illik 26 % hesablanmaqla, 5100 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda alınmış krediti, hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda alınmış krediti, hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İddiaçı MM QBKT-nın xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2025-ci il tarixə 4011,50 manat əsas borc, 918 manat faiz borcu və 43,17 manat cərimə borcu olmaqla, cəmi borc 4972,67 (dörd min doqquz yüz yetmiş iki manat, altmış yeddi qəpik) manat təşkil edir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 69,73 (altmış doqquz manat, yetmiş üç qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1058 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 30 ay müddətinə, illik 26 % hesablanmaqla, 5100 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ölmüş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh1 dair hissədə icraata xitam verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların İddiaçı MM QBKT-yə xx.xx.2025-ci il tarixə ümumilikdə 4972,67 (dörd min doqquz yüz yetmiş iki manat, altmış yeddi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulu deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə, işin hallarını, yəni cavabdeh tərəfindən götürülən məhsulun məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri, nəzərə alır və İddiaçı MM QBKT-nin iddiasının 43,17 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, faiz təyin edilərkən tənasüblük qorunmamışdır. Fazi borcunun azaldılması mümkün olmadığından kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 4 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4011,50 manat əsas borc, 918 manat faiz borcu, 4 manat cərimə borcu olmaqla, cəmi 4933,50 manat borcun və 69,34 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MM QBKT-nin xeyrinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4011,50 manat əsas borc, 918 manat faiz borcu, 4 manat cərimə borcu olmaqla, cəmi 4933,50 manat borcun və 69,34 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MM QBKT-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar