Məhkəmə qərarları › İş №e-2(014)-1299/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1299/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1299/2025 16.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X1 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6095,99 manat əsas borc, 41,06 manat faiz borcu olmaqla, cəmi 6137,05 manat borcun və 81,37 manat ödənilmiş dövlət rüsumunun alınaraq «Kapital Bank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli, RGTK9096354B160 saylı kredit müqaviləsinə əsasən ona 38 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 6648,77 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 12 may 2025-ci il tarixə İddiaçı ASC-yə 6095,99 manat əsas, 41,06 manat faiz, cəmi 6137,05 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı «Kapital Bank” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ASC cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edir ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştrak edə bilmədiyini, iddianı qəbul etdiyini, iddia tələbində olan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: 05 avqust 2024-cü il tarixli, RGTK9096354B160 saylı kredit müqavilədən görünür ki, «Kapital Bank” ASC tərəfindən cavabdehə 05 sentyabr 2024-cü il tarixindən 05 oktyabr 2027-ci il tarixdək illik 16 % ödəmək şərtilə 6648,77 manat məbləğində kredit verilmişdir. 05 avqust 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh bankın kassasında 6648,77 manat pul vəsaiti almışdır. 15 may 2025-ci il tarixli, 15/01133 maliyyə arayışından görünür ki, «Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli, RGTK9096354B160 saylı kredit müqaviləsi üzrə Cavabdeh 12 may 2025-ci il tarixə olan borcu 6095,99 manat əsas, 41,06 manat faiz borcu olmaqla, cəmi 6137,05 manat təşkil edir. «Kapital Bank” ASC tərəfindən Cavabdeh göndərilmiş 14 aprel 2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, «Kapital Bank” ASC borcalana 05 avqust 2024-cü il tarixli, RGTK9096354B160 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. 249226 nömrəli poçt qəbzinin surətindən görünür ki, Cavabdeh «Kapital Bank” ASC tərəfindən ona göndərilmiş xx.xx.2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubunu şəxsən özü qəbul etmişdir. ********** mədaxil qəbzindən görünür ki, «Kapital Bank” ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 81,37 (səksən bir manat, otuz yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli, RGTK9096354B160 saylı kredit müqaviləsinə əsasən «Kapital Bank” ASC tərəfindən cavabdehə 05 sentyabr 2024-cü il tarixindən 05 oktyabr 2027-ci il tarixdək illik 16 % ödəmək şərtilə 6648,77 manat məbləğində kredit verilmişdir. Cavabdeh «Kapital Bank” ASC tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun «Kapital Bank” ASC-yə ümumilikdə 6137,05 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6095,99 manat əsas borc, 41,06 manat faiz borcu olmaqla, cəmi 6137,05 (altı min bir yüz otuz yeddi manat, beş qəpik) manat borc və 81,37 (səksən bir manat, otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi alınaraq «Kapital Bank” ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6095,99 manat əsas borc, 41,06 manat faiz borcu olmaqla, cəmi 6137,05 (altı min bir yüz otuz yeddi manat, beş qəpik) manat borc və 81,37 (səksən bir manat, otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi alınaraq «Kapital Bank” ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar