Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1304/2024 24.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X4 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4059,35 manat, faiz borcu üzrə 1133 manat, cərimə borcu üzrə 157,66 manat, cəmi 5350,01 (beş min üç yüz əlli manat, bir qəpik) manat məbləğində borcun və 73,51 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1061 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 246 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1061-937166 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh2 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 4059,35 manat, faiz borcu üzrə 1133 manat, cərimə borcu üzrə 157,66 manat, cəmi 5350,01 manat məbləğində borc yaranmışdır. İddiaçı MMM QBKT-nın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul edir. Belə ki, müəyyən maddi sıxıntıları olduğundan kredit borcundan ödənişlər etməmişdir. Borcu ödəməkdən yayınmır və tələb olunan borcu ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, **********1061 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1061 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 28 % hesablanmaqla, 4500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, **********1061-937166 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1061 saylı kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda alınmış krediti, hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMM QBKT-nın xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1061 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə 4059,35 manat əsas borc, 1133 manat faiz borcu və 157,66 manat cərimə borcu olmaqla, cəmi borc 5350,01 (beş min üç yüz əlli manat, bir qəpik) manat təşkil edir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 73,51 (yetmiş üç manat, əlli bir qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1061 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 28 % hesablanmaqla, 4500 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların İddiaçı MMM QBKT-yə xx.xx.2024-cü il tarixə ümumilikdə 5350,01 (beş min üç yüz əlli manat, bir qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulu deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə, işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, kreditə görə hesablanan faizləri, nəzərə alır və İddiaçı MMM QBKT-nın iddiasının 157,66 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4059,35 manat əsas borc, 1133 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumi borcu 5242,35 (beş min iki yüz qırx iki manat, otuz beş qəpik) manat və 73,51 (yetmiş üç manat, əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMM QBKT-nin xeyrinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4059,35 manat əsas borc, 1133 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumi borcu 5242,35 (beş min iki yüz qırx iki manat, otuz beş qəpik) manat və 73,51 (yetmiş üç manat, əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMM QBKT-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1304/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1304/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver