Məhkəmə qərarları › İş №e-2(014)-1348/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1348/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1348/2024 27.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2024-cü il tarixli, BAKU1-53465-26087 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 22% faiz dərəcəsi ilə 36 ay müddətinə 3500 (üç min beş yüz) manat kredit verilmiş və kreditin aylıq 134 (yüz otuz dörd) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. 13 iyun 2024-cü il tarixli BAKU1-53465-26087 saylı kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit "xxxx"a şəxsi istehlak BAKU1-53465-23875 və Baku Electronics MMC-də aktiv olan kreditlərin bağlanması, Express Bankda aktiv olan kredit xəttinin deaktivasiyası və şəxsi istifadə məqsədilə verilmişdir. Lakin 13 iyun 2024-cü il tarixli BAKU1-53465-26087 saylı kredit müqaviləsinin 3.2.3-cü bəndinə əsasən "xxxx" kreditdən məqsədli istifadə edilməsini təsdiq edən sənədləri kreditin verildiyi gündən 3 (üç) iş günü müddətində “Kredit verən” ə təqdim etməmişdir. Bununla da Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımı qaydada icra edilmədiyi üçün "xxxx" BOKT MMCnin məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 22 avqust 2024-cü il tarixinədək verilmiş kredit üzrə 3367.53 (üç min üç yüz altmış yeddi manat, əlli üç qəpik) manat əsas borcu və 8.23 (səkkiz manat, iyirmi üç qəpik) manat cari faiz borcu olmaqla, cəmi 3375.76 (üç min üç yüz yetmiş beş manat, yetmiş altı qəpik) manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2024-cü il tarixli, BAKU1-53465-26087 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC Cavabdeha 36 ay müddətinə ikinciyə illik 22% faiz ödənilməsi şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir. İşin materiallarında olan "xxxx" BOKT MMC-nin 22 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2024-cü il tarixli, BAKU1-53465-26087 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 22 avqust 2024-cü il tarixə ümumi borcu 3375.76 (üç min üç yüz yetmiş beş manat, yetmiş altı qəpik) manat təşkil edir. İşin materiallarında olan "xxxx" BOKT MMC tərəfindən Cavabdeh göndərilmiş 03 iyul 2024-cü il tarixli, 2020/HO-OUT saylı bildiriş məktubundan görünür ki, "xxxx" BOKT MMC borcalana 13 iyun 2024-cü il tarixli, BAKU1-53465-26087 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 54 (əlli dörd) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2024-cü il tarixli, BAKU1-53465-26087 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC Cavabdeha 36 ay müddətinə ikinciyə illik 22% faiz ödənilməsi şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vermiş, Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun "xxxx" BOKT MMC-yə 22 avqust 2024-cü il tarixə ümumilikdə 3375.76 (üç min üç yüz yetmiş beş manat, yetmiş altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13 iyun 2024-cü il tarixli, BAKU1-53465- 26087 saylı kredit müqaviləsinə əsasən 3367.53 (üç min üç yüz altmış yeddi manat, əlli üç qəpik) manat əsas borc, 8.23 (səkkiz manat, iyirmi üç qəpik) manat faiz borcu, cəmi 3375.76 (üç min üç yüz yetmiş beş manat, yetmiş altı qəpik) manat və 54.40 (əlli dörd manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 260 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13 iyun 2024-cü il tarixli, BAKU1-53465-26087 saylı kredit müqaviləsinə əsasən 3367.53 (üç min üç yüz altmış yeddi manat, əlli üç qəpik) manat əsas borc, 8.23 (səkkiz manat, iyirmi üç qəpik) manat faiz borcu, cəmi 3375.76 (üç min üç yüz yetmiş beş manat, yetmiş altı qəpik) manat və 54.40 (əlli dörd manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar