Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1354/2025 20.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, X5 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 857,51 manat əsas, 61,76 manat faiz, 21,6 manat cərimə olmaqla, ümumilikdə cəmi 940,87 (doqquz yüz qırx manat, səksən yeddi qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 İddiaçı QSC ilə 28 oktyabr 2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X6 aylıq faiz dərəcəsi 2% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. O, 03 iyun 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2142,49 manat ödəniş etmiş və оnun iddiaçıya 857,51 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 285 gün üçün hesablanmış faiz borcu 61.76 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş cavabdeh X1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-32-12/2- 78/2025 saylı məktuba əsasən məlum olmuşdur ki, mərhum X2 adına qeydiyyatda olan Ağdaş rayonu kəndində yerləşən JN-127 nömrəli 2.59 kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi və 0.24 ha yaşayış məntəqələri təyinatlı həyətyanı torpaq sahəsi hal-hazırda mərhumun həyat yoldaşı Cavabdeh istifadə edir. Belə ki, faktiki vərəsə - Cavabdeh qeyd olunan torpaq sahələrindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh mərhum X2 faktiki vərəsəsi hesab edilir. Göründüyü kimi, X2 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminlərinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə ünvanlayaraq, mübahisənin həlli ilə əlaqədar hər hansı bir razılıq əldə edilmədiyini, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına izahatında bildirdi ki, kredit onun arvadının adına götrülmüşdür. İddia tələbini qəbul edir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC ilə X6 arasında 28 oktyabr 2022-ci il tarixdə bağlanmış, 002A********** saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” müqaviləsindən görünür ki, X6 aylıq faiz dərəcəsi 2% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə X6 arasında 28 oktyabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X6 3000 (üç min) manat məbləğində krediti 24 ay müddətinə aylıq 160 manat olmaqla ödəməlidir. İddiaçı QSC-nin 17 mart 2025-ci il tarixli, OUT-2025/03/17-49 saylı maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə X6 arasında 28 oktyabr 2022-ci il tarixdə bağlanmış, 002A********** saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” müqaviləsinə əsasən X2 17 mart 2025-ci il tarixə 857,51 manat əsas borcu, 61,76 manat faiz borcu, 21,60 manat cərimə borcu olmaqla, ümumi borcu 940,87 manat təşkil edir. Ağdaş rayon Notariat Ofisinin 25 dekabr 2024-cü il tarixli, 721 saylı sorğuya cavabdan görünür ki, 30 may 2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəlik işinin açılması aşkar edilməmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 fevral 2025-ci il tarixli, 5-32-12/2-78/2025 saylı məktubundan görünür ki, X2 və ailəsinin mülkiyyətində olan Ağdaş rayonu, Pirəzə kəndində yerləşən JN-127 nömrəli 2.59 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi və 0.24 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi hal-hazırda mərhumun əri Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh istifadəsindədir. İddiaçı QSC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə X6 arasında 28 oktyabr 2022-ci il tarixdə bağlanmış, 002A********** saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” müqaviləsi Cavabdeh arvadı X2 üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı QSC məhkəməyə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə X6 arasında 28 oktyabr 2022-ci il tarixdə bağlanmış, 002A********** saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” müqaviləsinə əsasən X6 aylıq faiz dərəcəsi 2% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. X6 30 may 2024-cü il tarixdə ölmüş, onun ölümündən sonra ondan miras qalmış torpaq sahələri faktiki olaraq onun vərəsəsi Cavabdeh tərəfindən idarə olunmaqla qəbul edilmişdir. Hazırda bank X2 vərəsəsi olan Cavabdeh 17 mart 2025-ci il tarixə banka olan 857,51 manat əsas borc, 61,76 manat faiz borcu, 21,60 manat cərimə borcu olmaqla 940,87 (doqquz yüz qırx manat, səksən yeddi qəpik) manat borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə (hazırki iş üzrə hüquq münasibətlərinin yarandığını tarixdə qüvvədə olan) əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə (hazırki iş üzrə hüquq münasibətlərinin yarandığını tarixdə qüvvədə olan) əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə (hazırki iş üzrə hüquq münasibətlərinin yarandığını tarixdə qüvvədə olan) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 857,51 manat əsas borc, 61,76 manat faiz borcu, 21,60 manat cərimə borcu olmaqla, cəmi 940,87 (doqquz yüz qırx manat, səksən yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 857,51 manat əsas borc, 61,76 manat faiz borcu, 21,60 manat cərimə borcu olmaqla, cəmi 940,87 (doqquz yüz qırx manat, səksən yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №e-2(014)-1354/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1354/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver