Məhkəmə qərarları › İş №e-2(014)-1389/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1389/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1389/2024 04.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 218906-1-33691 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 22% hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 476.32 manat məbləğində əsas borc, 18.77 manat məbləğində faiz borcu, 81.45 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 576.54 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 218906-CNS-40235 saylı nağd pul kreditinin əsəs şərtlərinə dair müştəri ərizəsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 22% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc üzrə 476.32 manat, faiz borcu üzrə 18.77 manat, cərimə borcu üzrə 81.45 manat olmaqla, cəmi 576.54 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh bank tərəfindən nağd pul kreditinin əsəs şərtlərinə dair müştəri ərizəsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 218906-1-33691 saylı nağd pul kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 22% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 476.32 manat, faiz borcu üzrə 18.77 manat, cərimə borcu üzrə 81.45 manat olmaqla, cəmi 576.54 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 8 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında xx.xx.2020-ci il tarixli, № 218906-1-33691 saylı nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh 476.32 (dörd yüz yetmiş altı manat, otuz iki qəpik)) manat əsas borc, 18.77 (on səkkiz manat, yetmiş yetmiş qəpik) manat faiz borcu, 8 (səkkiz) manat cərimə borcu olmaqla, cəmi 503.08 (beş yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğində borc 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 218906-1-33691 saylı nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh 476.32 (dörd yüz yetmiş altı manat, otuz iki qəpik) manat əsas borc, 18.77 (on səkkiz manat, yetmiş yeddi qəpik) manat faiz borcu, 8 (səkkiz) manat cərimə borcu olmaqla, cəmi 503.09 (beş yüz üç manat, sıfır doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar