Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-148/2024 13.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3557 manat əsas borc, 7151,96 manat faiz borcu olmaqla, cəmi 10708,96 manat (on min yeddi yüz səkkiz manat, doxsan altı qəpik) borcun və ödənilmiş 122,13 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Ucar filialı ilə Cavabdeh3 arasında 04 sentyabr 2015-ci il tarixli 64mz saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iri buynuzlu mal-qaranın alınması üçün Cavabdeh3 24 ay müddətinə illik 27 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Ucar filialı ilə bağlanmış 04 sentyabr 2015-ci il tarixli 90z saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və 04 sentyabr 2015-ci il tarixli 91z saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin borca zamin durmuşdur. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh3 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh3 iddiaçıya 3557 manat əsas borcu, 7151,96 manat faiz borcu olmaqla, cəmi borcu 10708,96 manat (on min yeddi yüz səkkiz manat, doxsan altı qəpik) təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 (zamin) və Cavabdeh2 (zamin) dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin etməlidir. Cavabdeh3 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 10708,96 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirmişlər ki, iddia tələbi iddia müddəti keçməklə verildiyindən rədd edilməlidir. Belə ki, 04 sentyabr 2015-ci il tarixdə iddiaçı Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit X2 iddiaçı ilə aralarında bağlanmış həmin tarixli, 64 mz saylı Kredit müqaviləsinə əsasən iri buynuzlu mal-qara alınması üçün ona 24 ay müddətinə qaytarmaq şərti ilə illik 27%-İə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə digər cavabdehlərin arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90z və 91z saylı zaminlik müqaviləsi ilə cavabdehlər həmin borcun qaytarılmasına zamin durmuşlar. Müqavilə bağlandıqdan və həmin məbləğ götürüldükdən sonra Cavabdeh3 krediti müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq hər ay 272 manat olmaqla iddiaçı təşkilata ödəmişdir. Lakin bir müddət sonra Cavabdeh3 maddi vəziyyəti ağırlaşdığından, yəni Azərbaycan manatının 2 dəfə devolvasiyaya uğraması nəticəsində, ölkə daxilində yaşayış üçün tələb olunan bəzi gündəlik məhsulların qiymətlərinin bahalaşması nəticəsində əsas borclu kimi Cavabdeh3 götürülmüş krediti qrafik üzrə ödəmək iqtidarında olmamışdır. Bütün bunlar barədə tərəflərindən iddiaçı banka məlumat verilməsinə baxmayaraq düşdükləri ağır maddi durumla əlaqədar iddiaçı tərəfindən Cavabdeh3 heç bir güzəşt olunmamışdır. Prezidentin Fərmanına uyğun olaraq iddiaçı ilə aralarımda yeni güzəştli şərtlərlə müqavilə bağlanmamışdır. Bütün bunlara baxmayaraq Cavabdeh3 05 mart 2019cu il tarixədək Kredit müqaviləsi üzrə qalıq borcdan hissə-hissə ödəmişdir. Lakin həmin tarixdən tərəflərindən heç bir ödəniş olmamışdır. Kreditin qaytarılması ilə bağlı iddiaçı Təşkilat tərəfindən onlara, yəni cavabdehlərə heç bir xəbərdarlıq edilməmişdir. Göründüyü kimi, iddiaçının həmin 04 sentyabr 2015-ci il tarixli müqaviləsi üzrə 05 mart 2019-cu il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edən günədək kreditin tərəflərindən ödənilməməsindən xəbəri olmuşdur. Lakin keçən 4 ilə yaxın müddətdə heç bir hərəkət etməmişdir. Bununla da iddiaçı Təşkilat onlara, yəni cavabdehlərə qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə, yəni 3 il müddətində istifadə etməmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh3 04 sentyabr 2015-ci il tarixdə iribuynuzlu mal-qara alması üçün 5000 manat kredit götürmüşdür. Sözügedən kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borclu, digər cavabdehlər isə zaminlərdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə altı ay normal ödəniş edilmiş, lakin sonradan ödəniş edilməmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri layiqinca yerinə yetirməmişdir. Belə ki, həmin kredit Fərmana düşmüş və Cavabdeh3 əri ilə əlaqə saxlanılaraq təşkilata gəlməli olduqları barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilata gəlməmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 05 mart 2019-cu il tarixdə 40 manat məbləğində edilmiş, həmin məbləğ faiz borcundan silinmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən banka olan borcun ödənilməsi barədə hər hansı bir hərəkət edilmmiş, nəticədə cavabdehlərin banka ümumilikdə 10708, 96 manat borcu qalmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən təşkilat tərəfindən 27 faiz olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 ilk altı ay ödəniş etmiş, lakin sonradan maddi vəziyyətləri yaxşı olmadığından ödəniş etmək imkanları olmamışdır. Eyni zmaanda həmin vaxtlarda Azərbaycan manatı 2 dəfə devalvasiyaya uğraması nəticəsində cavabdehin maddi vəziyyəti dahada çətinləşmişdir. İddiaçı təşkilat tərəfindən Cavabdeh3 heç bir güzəştlər olunmamış, Prezidentin Fərmanına uyğun olaraq iddiaçı təşkilat ilə cavabdeh arasında yeni güzəştli şərtlərlə heç bir müqavilə bağlanmamışdır. Bütün bunlara baxmayaraq Cavabdeh3 05 mart 2019-cü il tarixədək hissə-hissə ödənişlər etmişdir. Bundan sonra yenidən ödəniş etmək imkanı olmamışdır ki, son ödənişdən üç ildən çox müddət keçmişdir və həmin müddət ərzində cavabdehlərə kredit ödənişi ilə bağlı heç bir xəbərdarlıq olunmamış və ya iddiaçı tərəfindən kreditin ödənilməsi üçün hər hansı hərəkətlər edilməmişdir. Buna görə də iddiaçı təşkilat tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin materiallarında olan İddiaçı QSC-nin Ucar filialı ilə borclu X8 arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 64mz saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 24 ay müddətinə illik 27 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə X4 və X8 arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 90z və 91z saylı zaminlik müqavilələrinə əsasən kreditorla borclu arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 64mz saylı kredit müqaviləsinə əsasan 5000 (beş min) manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İşin materiallarında olan 04 sentyabr 2015-ci il tarixli 64mz saylı kredit müqaviləsinə ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 04 oktyabr 2015-ci il tarixdən başlayaraq 04 sentyabr 2017-ci il tarixədək hər ay 271,90 manat kredit ödənişi etməli idi. İşin materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə ünvanlanmış 21 fevral 2023-cü il tarixli maliyyə arayışından (məlumat) görünür ki, Cavabdeh3 banka əsas borc üzrə 3557 manat, faiz borcu üzrə 7151,96 manat, cəmi 10708,96 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 ünvanlanmış 02 mart 2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktublarından görünür ki, Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC-nin Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 122,13 (yüz iyirmi iki manat, on üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 64mz saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə illik 27 %-lə heyvandarlığın inkişafı məqsədilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə fiziki şəxslər Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 arasında 04 sentyabr 2015-ci il tarixli 90z və 91z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Cavabdeh3 Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh3 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh3 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 3557 manat, faiz borcu 7151,96 manat, cəmi borcu 10708,96 (on min yeddi yüz səkkiz manat, doxsan altı qəpik) manat təşkil edir. Cavabdeh3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 64mz saylı kredit müqaviləsinin müddəti 04 sentyabr 2017-ci il tarixdə başa çatmışdır. Cavabdeh3 isə sonuncu dəfə 05 mart 2019cü il tarixdə həmin müqavilə üzrə ödəniş etmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı tələblə 04 dekabr 2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan əlavə, Məhkəmə hesab edir ki, həm əsas öhdəlik üzrə iddia müddəti buraxıldığından, həm də zaminliyə xitam verildiyindən zaminlər bank qarşısında heç bir məsuliyyət daşımırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 04 sentyabr 2017-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 6 ildən çox müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 Siyaf oğlu və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-148/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-148/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver