Məhkəmə qərarları › İş №e-2(014)-15/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-15/2023

17.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-15/2023 17.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Cavabdeh4nə qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Cavabdeh4nə qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunun Yenicə kəndində yaşayır. Cavabdehlər ona məxsus torpaq sahəsindən istifadə etməsinə problemlər yaradırlar. Cavabdehlərlə aralarında bələdiyyə torpaqları olmasına baxmayaraq, cavabdehlər süni maneə yaratmaqla onun özünə məxsus torpaq sahəsinə texnikaların daxil olmasına mane olurlar. Bundan əlavə ərazidə ağaclar əkməklə onlara aid olmayan yolu bağlayırlar. Sözügedən ərazinin video görüntülərini elektron qaydada sənədlərin yüklənməsi mümkün olmadığı üçün məhkəmə iclasında təqdim edəcəkdir. Bundan əlavə kənd bələdiyyəsi sözügedən torpaq sahəsinin yol olmasına baxmayaraq, cavabdehlərə təsir edə bilmir. Bu səbəbdən ona və ona məxsus təssərüfata xeyli ziyan dəymişdir. Cavabdehlər ona məxsus bağ sahəsinə girməklə və ondan icazəsiz orada olan ağacları kəsməklə mülkiyyət hüquqlarını pozurlar. Bundan əlavə o, öz torpaq sahəsində hər hansı formada budama və ya təmizlik işləri üçün texnika və işçi çağırdıqda bilərəkdən maneələr yaradırlar. Bununla əlaqədar müvafiq dövlət və hüquq mühafizə orqanlarına müraciət etsə də, ona məhkəməyə müraciət etmək hüququnun olması tövsiyə olmuşdur. Ağdaş rayonunun Yenicə kəndində yerləşən JN-293A, KOD 90300038 nömrəli şəhadətnamə ilə ona məxsus olan torpaq sahəsindən lazımı qaydada istifadə edə bilmir. Halbuki, Avropa Məhkəməsinin və yerli qanunvericilik aktlarının təfsirində də bilindiyi kimi şəxs öz mülkiyyətindən sərbəst istifadə etməli və şəxsə yaradılan istənilən maneələr aradan qaldırılmalıdır. Lakin o, cavabdehlərin qanunsuz əməllərinə məruz qalmış və öz torpağına gedən yoldan lazımı qaydada istifadə edə bilmir. Cavabdehlər ona öz mülkiyyət hüququndan istifadə etməyə imkan verməməklə bərabər qanunsuz olaraq təzyiqlərə məruz qoyurlar. Bu məsələnin həlli üçün cavabdehlərlə dəfələrlə danışmağına baxmayaraq, məsələni sülh yolu ilə həll etməyə çalışsa da, müsbət nəticə əldə edə bilməmişdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 və Cavabdeh2 ilə bərabər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Cavabdeh4 cavabdeh kimi cəlb edilməsini, İddiaçı mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən torpaq sahəsinə gedən yolun açılmasını, cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən torpaq sahəsindən onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-293A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı, X4, X1, X5 və X3 Ağdaş rayonu, Yenicə kəndindən 0,43 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 41/132-19036/2,3H-3222 saylı məktubdan görünür ki, aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Eyni zamanda tələbin mülki iddia xarakterli olduğundan, Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.4-cü və 12.3.3-cü maddələrinə əsasən müraciətlərində qeyd edilən xüsusatlarla bağlı aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə rəsmi olaraq müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan Cavabdeh4 xx.xx.2022-ci il tarixli, 38 saylı məktubundan görünür ki, torpaq sahəsinə gedən yol hal-hazırda bir neçə qonşu tərəfindən istifadə olunur. Həmin yolun kənarlarında bir neçə ədəd qonşu təfəfindən ağaclar əkilmişdir. Həmin ağacların dəfələrlə budanması aparılmışdır ki, istifadə olunun texnikalara mane olunmasın. Yenicə kəndində yaşayan İddiaçı ilə Cavabdeh1 arasında sərhədlər vardır. Onların torpaqları arasında bələdiyyə torpaq sahəsinin olub-olmamasını müəyyən etmək üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmək lazımdır. Bələdiyyəyə məxsus xəritədə dəyişikliklər olunması üçün xəritə aidiyyəti orqanlara göndərilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2022-ci il tarixli, № 132 saylı məktubundan görünür ki, sözü gedən əraziyə baxış keçirilmiş və mübahisəli ərazi olduğu üçün vətəndaşlara məlumat verilmişdir ki, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək torpağın hansı vətəndaşa aid olduğuna dair rəsmi qaydada məlumat alınsın və hüquqlarının bərpa olunması üçün məhkəmə orqanlarına müraciət ünvanlansın. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 691/2022 saylı qətnaməsindən gərünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5598 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 17 Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və xx.xx.2022-ci il tarixdə **********53 №-li mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur. JN-293A (kod ********) nömrəli şəhadətnamə ilə İddiaçı Aliağa oğluna və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayonu, Yenicə kəndində ərazisində 0,43 ha torpaq sahəsi verilmiş, lakin halhazırda istifadəsində 0,60 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətinə JN-329A (kod ********) nömrəli şəhadətnamə ilə 0,23 ha torpaq sahəsi verilmiş, hal-hazırda istifadəsində 0,48 ha torpaq sahəsi vardır. Tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələrinin qonşuluğu yoxdur. Hər iki mülkiyyətçinin sərhədi daxilində əlavə olaraq istifadə etdikləri bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri arasında sərhəd və qonşuluq var. Cavabdeh1 mülkiyyətinə JN-329 A (kod ********) nömrəli şəhadətnamə ilə verilmiş torpaq ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-293A (kod ********) nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahələrinin arasında məsafə 11,76 metrdir. Tərəflərin sərhədləri daxilində istifadə etdikləri bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qonşudur. İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinə (torpağın arxa hissəsinə) gedən yol bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan yoldur. Sözügedən torpaq sahəsinə gedən yola kombayn və böyük texnikaların girməsi mümkün deyil. Sözügedən yolun kənarına çoxillik əkilmiş ağaclar səbəbindən. Sözügedən torpaq sahəsinə gedən yol bələdiyyə mülkiyyətinə məxsusdur. Cavabdehlər tərəfindən iddiaçının torpağına gedən yola maneə yaradılmamışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e- 2(014)-945/2022 saylı qərardadı ilə təyin edilmiş ekspertiza aparılmasından imtina edilməsi barədə 28 fevral 2023-cü il tarixli məlumatda qeyd olunmuşdur ki, qərardadın 1-ci sualında qoyulmuş məsələnin həlli xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Qərardadın 2-ci və 3-cü suallarında göstərilənlərin müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Həmin məsələlərlə bağlı müvafiq aidiyyəti orqanlara müraciət etmək tövsiyə edilir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı cavabdehlər tərəfindən onun mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən torpaq sahəsinə gedən yolun açılmasını və onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. İddia tələblərinin həlli məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5598 saylı ekspert rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsinə gedən yola həmin yolun kənarına çoxillik əkilmiş ağaclar səbəbindən kombayn və böyük texnikaların girməsi mümkün deyil, sözügedən torpaq sahəsinə gedən yol bələdiyyə mülkiyyətinə məxsusdur, cavabdehlər tərəfindən iddiaçının torpağına gedən yola maneə yaradılmamışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının torpaq sahəsinə gedən yolda maneələrin yaradılmaması ekspert rəyində birbaşa göstərilmişdir (Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5598 saylı ekspert rəyi, 6-cı sualın cavabı). Digər cavabdehlərə münasibətdə isə iddiaçının tələbi maneələrin aradan qaldırılması və yolun açılması ilə bağlı olsa da, nə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, nə də Cavabdeh4 tərəfindən torpaq sahəsinə gedən yolun bağlanması və iddiaçıya maneələrin yaradılması öz təsdiqini tapmır. Həmin yolda əkilmiş çoxillik ağacların mövcudluğu iddiaçının torpağına gedən yolda ona maneə yaradırsa, iddiaçı bununla bağlı müvafiq olaraq inzibati orqanlara ərizə və ya müvafiq məzmunlu iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iş üzrə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə gedən yolun bağlanması və onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin yaradılması işin halları ilə müəyyən olunmur. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2(014)- 945/2022 saylı qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsindən imtina olunması da hazırkı iddia tələbinin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə ki, həmin qərardadla iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş suallar ekspert qarşısında qoyulmuş, lakin həmin sualların cavablandırılıb-cavablandırılmaması hazırkı iddia tələbində qoyulmuş tələblə uzlaşmır. Belə ki, ekspert qarşısında qoyulmuş sualda göstərilmiş kombayn və böyük texnikaların girməsinə mane olan ağacların kəsilməsinin və ya budanmasının lazım olub-olmaması cavabdehlər tərəfindən yaradılmış maneə kimi qiymətləndirilə bilməz. Hazırkı iddia tələbi isə iddiaçının torpaq sahəsinə gedən yolun açılması və onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Cavabdeh4nə qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar