Məhkəmə qərarları › İş №e-2(014)-1638/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1638/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1638/2025 07.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Abdullayev Azad Yahuzə oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə kredit xətti üzrə 295,57 manat əsas borcun, nağd kredit üzrə isə 5000 manat əsas borc və 29,6 manat faiz borcu olmaqla, ümumilikdə 5,325.17 (beş min üç yüz iyirmi beş manat 17 qəpik) manat kredit borcunun, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73,26 (yetmiş üç manat 26 qəpik) manat məbləğində pulun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Abdullayev Azad Yahuzə oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) ilə "xxxx" ASC arasında bağlanmış BPM**********57 nömrəli xx.xx.2023-cü il tarixli X4 müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmçinin xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 17 % dərəcəsilə hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2023-cü il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Abdullayev Azad Yahuzə oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh1 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsindəxx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən Abdullayev Azad Yahuzə oğlunun Kredit xətti üzrə Banka ödənilməmiş 295,57 manat əsas, nağd kredit üzrə isə 5000 manat əsas və 29,6 manat faiz borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, atası mərhum Azad Abdullayev onkoloji xəstə olduğundan səhhəti ilə bağlı Beynəlxalq Bankdan 5000 manat və 300 manat kredit götürmüş, lakin bank kredit verərkən öz risklərini hesablamalı, krediti sığortalamalı olduğu halda bunu etməmiş, yalnız atası pensiya aldığı üçün ona kredit verilmişdir. Atasından maddi olaraq nə ona nə də bacısı və anasına heç bir miras qalmamışdır. Odur ki, mərhum atasının borcunun onlar tərəfindən ödənilməsi mümkün deyil. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərdi ki, əri Azad Abdullayevin ölümündən sonra vərəsəliyin qəbul edilməsi üçün notariusa müraciət etmiş, lakin ərinin adına heç bir əmlak olmamışdır. Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən ev qaynanası X1 adına olmaqla, həmin əmlak əvvəl qaynanasının vərəsələrinə sonra da alqı-satqı əsasında onun adına rəsmiləşdirilmişdir. Odur ki, ərindən rəsmi heç bir əmlak qalmadığından kreditin ödənilməsi üçün maddi imkanı yoxdur. Məhkəmə hazırlıq iclasında Cavabdeh3 digər cavabdehlərlə eyni məzmunlu izahat verərək atasından onlara əmlak qalmadığını göstərmişdir. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 onların iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, BPM**********57 nömrəli kredit və Tam kart müqavilələrinin surətindən görünür ki, "xxxx" ASC Abdullayev Azad Yahuzə oğluna şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17 % dərəcəsilə hesablanmaqla nağd 5000 manat məbləğində və 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Abdullayev Azad Yahuzə oğlu "xxxx" ASC-dən 4950 manat məbləğində pulu qəbul etmişdir. İşdə olan AZ-İİ seriyalı, 338478 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev Azad Yahuzə oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Abdullayev Azad Yahuzə oğlundan Ağdaş rayonu, Pirkəkə kəndində fərdi yaşayış evi, torpaq sahəsi, "xxxx" ASC-nin Birləşmiş Sukanala MMC-nin Ağdaş sukanala sahəsində sığorta pulu və məzuniyyət pulu miras qalmış, mərhumun vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, Abdullayev Azad Yahuzə oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas borcu 5000 manat, vəfat etdiyi tarixə faiz borcu 29,60 manat, xx.xx.2023-cü il tarixli tam kart (kredit) müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas borcu 295,57 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcu könüllü ödəmələri barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Abdullayev Azad Yahuzə oğlunun "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 5000 manat, faiz borcu qismində 29,60 manat, tam kart (kredit) müqaviləsinə əsasən əsas borc qismində 295,57 manat məbləğində borcunun yarandığı, Abdullayev Azad Yahuzə oğlunun ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Abdullayev Azad Yahuzə oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdirlər. Lakin cavabdehlər mirasqoyanın öhdəliyini icra etməmişdirlər. Məhkəmə hesab edir ki, vərəsələr Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən fərdi yaşayış evininin mərhum Abdullayev Azad Yahuzə oğluna məxsus olmamasına istinad etsələr də, notariusda vərəsəlik işi açılarkən göstərilmiş, Abdullayev Azad Yahuzə oğlundan miras qalmış "xxxx" ASC-nin Birləşmiş Sukanala MMC-nin Ağdaş sukanal sahəsində sığorta pulu və məzuniyyət pulunun qəbul edilməməsi ilə bağlı məhkəməyə hər hansı dəlil və sübut təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, BPM**********57 nömrəli kredit və Tam kart müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 5000 manat, faiz borcunun əvəzi qismində 29,60 manat, tam kart (kredit) müqaviləsinə əsasən əsas borc qismində 295,57 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73,26 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 aprel 2023-cü il tarixli, BPM**********57 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5000 (beş min) manat, faiz borcunun əvəzi qismində 29,60 manat (iyirmi doqquz manat altmış qəpik), tam kart (kredit) müqaviləsinə əsasən əsas borc qismində 295,57 manat (iki yüz doxsan beş manat əlli yeddi qəpik) və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73,26 manat (yetmiş üç manat iyirmi altı qəpik) olmaqla cəmi 5398,43 manat (beş min üç yüz doxsan səkkiz manat qırx üç qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar