Məhkəmə qərarları › İş №e-2(014)-1747/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1747/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1747/2023 28.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi haqqında iddiasına dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10662.98 AZN əsas, 1235.85 AZN faiz, cəmi 11898.83 AZN məbləğində vəsaitin və ödənilmiş 125.70 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9850151A160 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023cü il tarixə İddiaçı ASC-yə 10662.98 AZN əsas, 1235.85 AZN faiz, cəmi 11898.83 AZN məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia ilə bağlı bütün zəruri sənədləri məhkəməyə təqdim etdiklərini bildirərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, o, 2020-ci ildə İddiaçı ASC-dən 4000 AZN kredit götürmüşdür, həmin vaxtlarda işləyirdi. Kredit götürdüyü vaxtlarda ona işsizlik sığortası təklif edilmiş və bununla bağlı 40 AZN pul ödəmişdir. 2023-cü ildə ona İddiaçı ASC-dən onlayn təklif gəlmiş, o da bank nümayəndələri ilə telefonla danışmış və ehtiyacı olduğundan İddiaçı ASC-dən 10972,53 AZN kredit götürmüşdür. Bank həmin məbləğdən əvvəl götürdüyü krediti bağlamış və onun əlinə 6000 AZN kredit vermişdir. Krediti götürəndən sonra 3 ay ödəniş etmiş, lakin 2023-cü ilin sentyabr ayında işdən çıxdığına görə daha ödəniş edə bilməmişdir. Bir neçə dəfə banka gedib işdən çıxdığını bildirərək kreditin faizlərini dayandırmalarını xahiş etsə də, bank faizləri dayandırmamış, işsizlik sığortası olduğunu bildirsə də buna da əhəmiyyət verilməmişdir. Hazırda başqasının avtomobili ilə sərnişin daşıyaraq ayda 150-200 manat ailəsinə çörək pulu qazanır. Maddi vəziyyəti ağır olduğuna görə krediti ödəyə bilmir. Buna görə də faizin aşağı salınmasını və kreditin hissə-hissə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında daha sonra sualları cavablandıraraq bildirdi ki, o, 2023-cü ildə banka gedib kreditlə bağlı müraciət etməmiş, ona onlayn təklif gəlmiş, o da ehtiyacı olduğundan həmin krediti götürmüşdür. Onun işsizlik sığortası olmuşdur, lakin bank bunu da nəzərə almamışdır. Hazırda onun qeyd etdikləri ilə bağlı məhkəməyə təqdim ediləcək heç bir sübutu yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC-nin Ağdaş rayon filialının xx.xx.2023-cü il tarixli, RGTK9850151A160 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən 44 ay müddətinə illik faiz dərəcəsi ilə hər ay 365.50 AZN ödəmək şərti ilə 10972,53 AZN kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15/5712 saylı Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə müştərisi olan Cavabdeh xx.xx.2023-ci il tarixə xx.xx.2023-cü il tarixli, RGTK9850151A160 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 10662.98 AZN əsas, 1235.85 AZN faiz, cəmi 11898.83 AZN borcu yaranmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16/37867 saylı bildirişin surətindən görünür ki, Cavabdeh bankla arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 11045,76 manat məbləğində ümumi borcu, geçikmə günü 28 gün olmaqla 400,81 manat məbləğində keçikmə borcunun olması, 5 gün ərzində geçikmə borcunu ödəməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 125,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh 10662.98 AZN əsas, 1235.85 AZN faiz borcu olmaqla, cəmi 11898.83 AZN, həmçinin 125,70 AZN ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, RGTK9850151A160 saylı kredit müqaviləsinə əsasən 10662.98 AZN əsas, 1235.85 AZN faiz, cəmi 11898.83 AZN və ödənilmiş 125,70 AZN məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar